Vaxt.az Almaniya mediasına istinadən xəbər verir ki, bu il 77-ci dəfə təşkil edilən yarmarkanın fəxri qonaq ölkəsi Filippindir. 7 641 ada və 134 müxtəlif dilin mövcud olduğu arxipelaq ölkəsindən bu il 60 yeni kitab ilk dəfə alman dilində nəşr olunacaq.
Pandemiya illərində ziyarətçi sayında azalma yaşansa da, ötən il yarmarka 230 min ziyarətçi ilə yenidən canlanmışdı. Bu ilki qeydiyyatlar da yüksək iştirak göstəricilərinə işarə edir.
Yarmarka bu il rəqəmsallaşmanın təsiri ilə fərqli bir istiqamətə yönəlir. Sosial mediada tanınan gənc və populyar yazıçıların iştirakı, imza günləri və tədbirlər gənc oxucuların da sərgiyə cəlb edilməsini hədəfləyir.
Yarmarkanın bu ilki əsas zalı “Yazarlarla tanışlıq” zonasına çevrilib. 5 600 kvadratmetr ərazidə 84 yazar ümumilikdə 91 saat ərzində kitablarını imzalayacaq. Təkcə bu zonada 20 min ziyarətçi qəbul ediləcəyi gözlənilir.
Yarmarka dünyanın müxtəlif bölgələrində baş verən müharibə və böhranlara baxmayaraq, yarmarka 100-dən çox ölkədən mütəxəssisi və kitabsevəri eyni məkanda bir araya gətirməyi, “mədəni dialoq və qarşılıqlı anlayışı” təşviq etməyi qarşısına məqsəd qoyub.
Bu çərçivədə mədəniyyət, siyasət və iqtisadiyyat sahələrindən qonaqların iştirakı ilə müxtəlif panel və müzakirələr keçiriləcək.
Ən çox diqqət çəkən tədbirlərdən biri isə Filippinli Nobel Sülh Mükafatı laureatı Mariya Ressa ilə sabiq NATO baş katibi Yens Stoltenberqin qlobal təhlükəsizlik siyasətləri barədə debatı olacaq.
Bu ilki proqramda maraqlı yeniliklər də var: Belə ki, yarmarkada səsli kitablar və podkastlar üçün xüsusi şüşə “Səssiz Disko” zonası yaradılıb. “Kitabdan Ekrana” bölməsində isə ssenaristlər və rejissorlar film və səhnə sənətləri üzərində müzakirələr aparacaq.
Frankfurt Kitab Yarmarkası 2025-ci ilin mədəni təqvimində də ən vacib beynəlxalq ədəbi hadisələrdən biri kimi qiymətləndirilir.