Qızılın qiyməti ABŞ–Çin arasında artan gərginlik və ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu il ərzində iki dəfə faiz endirimi edə biləcəyi gözləntiləri fonunda tarixi maksimuma çatıb.
Vaxt.az “Bloomberg”ə istinadən xəbər verir ki, Külçə qızılın bir unsiyasının qiyməti 4.185 ABŞ dollarına yüksələrək bütün zamanların rekord səviyyəsinə çatıb.
FED sədri Cerom Pauellin (Jerome Powell) yaxın günlərdə 0,25 bəndlik faiz endiriminə işarə etməsindən sonra ABŞ Xəzinə istiqrazlarının gəlirliliyi son həftələrin ən aşağı səviyyəsinə enib.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın Çinlə qida yağları ticarətini dayandıra biləcəyini deməsi, qlobal bazarlarda riskdən qaçış meylini gücləndirib. Bu vəziyyət qızılın “təhlükəsiz liman” kimi cəlbediciliyini artırıb.
Trampın açıqlamaları, dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı gərginliyi yenidən alovlandırıb. Pekin administrasiyası Vaşinqtonun ötən həftə Çinə qarşı əlavə 100% gömrük vergisi tətbiq edə biləcəyi xəbərinə cavab olaraq daha güclü addımlar atacağını bəyan edib.
ABŞ-Çin ticarət gərginliyi, potensial faiz endirimi və strateji metallar üzrə qeyri-müəyyənlik birləşərək qızılı yeni rekord səviyyələrə daşıyıb. Ekspertlərə görə, əgər FED ilin sonuna qədər yumşaq monetar siyasət kursunu qorusa və ticarət gərginlikləri dərinləşsə, qızılın 4.200 dollar səviyyəsini aşması mümkündür.
çap et