Vaxt.Az

AB-dən “Gucci”yə fantastik məbləğdə cərimə


 

3 moda evi qiymət maxinasiyalarında günahlandırlır

AB-dən “Gucci”yə fantastik məbləğdə cərimə Avropa Komissiyası dünən üç moda şirkəti – Gucci”, “Chloé” və “Loewe”ni ümumilikdə 157 milyon avro cərimələyib. Komissiya şirkətləri pərakəndə satıcıların öz dizayn etdikləri və satdıqları məhsullar üçün sərbəst qiymət təyin etmələrinə mane olaraq rəqabəti məhdudlaşdırmaqda, bunun nəticəsində qiymətlərin qalxmasına və istehlakçıların seçim imkanlarının azalmasına səbəb olmaqda günahlandırıb.

Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, komissiyanın rəqabət məsələlərinə cavabdeh üzvü Tereza Ribera (Teresa Ribera), “Avropadakı bütün istehlakçılar – nə alırlarsa alsınlar, haradan alırlarsa alsınlar – istər onlayn, istərsə də oflayn şəkildə – real qiymət rəqabətinin faydalarına sahib olmalıdırlar. Bu qərar moda sənayesinə və digər sahələrə güclü mesaj verir. Avropada bu cür təcrübələrə dözümlülük göstərilməyəcək. Ədalətli rəqabət və istehlakçıların müdafiəsi prinsipi hamı üçün bərabər şəkildə keçərlidir”.

Komissiya həmçinin müəyyən edib ki, bu üç moda evi təkcə pərakəndə satıcıların qiymətlərini idarə etməyib, həm də qiymət göstərişlərindən kənara çıxanları yaxından izləyib.

Beləliklə, Avropa Komissiyasının bu qərarı lüks moda bazarında süni qiymət manipulyasiyalarına qarşı ən sərt addımlardan biri kimi qiymətləndirilir.

Ən böyük cərimə “Gucci”yə tətbiq olunub – 119 milyon avro. Onu “Chloé” 19 milyon avro, “Loewe” isə 18 milyon avro məbləğində cərimə ilə izləyib.

Beləliklə, ümumi 157 milyon avroluq cərimənin təxminən üçdə ikisi “Gucci”yə aid olub və bu, Avropa Komissiyasının araşdırmasında brendin əsas qiymət manipulyasiyası mexanizmlərinin mərkəzində dayandığını göstərir.

 





15.10.2025    çap et  çap et