Vaxt.AZ xarici mətbuata istinad edərək xəbər verir ki, Fransalı mütəxəssislər bildirirlər ki, yumurta uyğun qiymətə yüksək protein mənbəyi olduğu üçün, xüsusilə inflyasiya dövründə daha da populyarlaşıb. İdmanla məşğul olanların da zülal tərkibinə görə yumurtaya yönəlməsi tələbi artıran əsas səbəblərdən sayılır.
Manş bölgəsində 30 min toyuq saxlayan fermer Erik Qüllaf mağazalardan gələn sifarişləri çatırmadıqlarını bildirib: “Tələb hər il təxminən 5% artır. Bu templə davam edərsə, sektorun istehsal gücünü artırması vacib olacaq. Bəzi müştərilər bir dəfəyə 90 yumurta alır. Artıq yumurta ətin yerini almağa başlayıb”.
Yumurta istehsalçıları bildirirlər ki, ölkə miqyasında ümumi qıtlıq olmasa da, yüksək tələbat səbəbilə bəzi marketlər günün ikinci yarısında boş qalır. İstehsal hazırda sabit olsa da, xüsusilə üzvi yumurta istehsalçıları tələbi qarşılamaqda çətinlik çəkir.
Fransa artan ehtiyacı ödəmək üçün 2030-cu ilədək 300 yeni toyuq ferması qurmağı planlaşdırır. Lakin istehsalçılar bürokratik maneələrin yeni investisiya layihələrini ləngitdiyindən şikayətçidirlər.
Yerli fermerləri narahat edən başqa bir məsələ isə ucuz xarici yumurtaların bazara daxil olmasıdır. Xüsusilə Ukraynadan gələn bəzi partiyalarda Avropa standartlarına uyğun olmayan və qadağan edilmiş antibiotik qalıqları aşkar edilib: “Yerli istehsal güclüdür, amma bizdə qaydalar çox sərtdir. Xarici istehsalçılar eyni öhdəliklərə malik deyil”.
“BFMTV” telekanalında yayımlanan bir reportajda Fransadakı yumurta qıtlığının Ramazan ayında müsəlmanların artan istehlakına bağlanması isə ictimai müzakirələrə səbəb olub.
Fransa Bazarlar İttifaqının sədr müavini Mariya Silva bildirib ki, Ramazan dövründə insanların yumurta tələbi yüksəlir və bu, qıtlığa təsir göstərə bilər.