Birincisi, Qaluzinin iddia etdiyi kimi İrəvanla Bakı arasında xüsusi fikir ayrılığı qalmayıb və buna görə tərəflərin Moskvanın vasitəçiliyinə ehtiyacı yoxdur. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərindən sonra yeni konstitusiya qəbul edəcəklərinin anonsunu verib. Ermənistan yeni Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi çıxardıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün maneə qalmayacaq. Bu səbəbdən Qaluzinin açıqlamasından fərqli olaraq “mühüm işlərə” ehtiyac yoxdur. Mühüm işlər buna qədər görülüb.
İkincisi, Azərbaycan və Ermənistan liderləri sülh sazişinin mətnini avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə paraflayıblar. Ukrayna müharibəsinə görə, ABŞ-la Rusiya arasında dərin fikir ayrılığı var. Azərbaycan hakimiyyəti və cəmiyyəti də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qəbul etmir. Bundan başqa Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır. Təkcə bu iki amili nəzərə alaraq Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Rusiya paytaxtının seçilməsi ehtimalı azdır. Sülh sazişinin imzalanması üçün yenidən okeanın o tayına səfərə ehtiyac olmasa da, sənəd müxtəlif məkanlarda, iki ölkənin sərhədində, Tiflisdə, Ankarada və ya Astanada imzalana bilər.