Vaxt.Az

Eyfel qülləsi dağıdılır?


 

Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı

Eyfel qülləsi dağıdılır? Parisin simvolu sayılan Eyfel qülləsinin 2026-cı ildə söküləcəyi barədə iddialar sosial mediada sürətlə yayılıb. Bu xəbərlər qüllənin müvəqqəti bağlanmasından sonra ortaya çıxıb.

Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, 330 metr hündürlüyündəki qüllə hər il milyonlarla turist qəbul edir və 2023-cü ildə 117 milyon avrodan çox gəlir əldə edib. Dövlət subsidiyası almayan bu tarixi abidə 300-dən artıq şəxsi işlə təmin edir.

Qüllə, oktyabrın 2-də Fransada keçirilən ümummilli tətil və etirazlar zamanı təhlükəsizlik məqsədilə qısa müddətlik bağlanmış və girişdə “Tətil səbəbindən Eyfel qülləsi bağlıdır” yazılı elan yerləşdirilmişdi.

İddiaların qaynağı, bir xəbər saytında dərc olunan satirik məqalə olub. Məqalədə qüllənin “nəhəng bir attraksiona və ya konsert salonuna çevriləcəyi” barədə zarafat edilib. Sonradan sosial şəbəkələrdə bu məlumatlar həqiqət kimi yayılaraq çaşqınlıq yaradıb.

Eyfel qülləsini idarə edən “Société d'Exploitation de la Tour Eiffel” (SETE) rəsmi açıqlama verməsə də, qurumun internet saytında bilet satışı və ziyarət rezervasiyası davam edir.

Mütəxəssislər bildirirlər ki, bu cür sosial şəbəkə dezinformasiyaları turizm sektoruna zərər vurur. Bənzər hallar İtaliyada da müşahidə olunub – saxta rəylər və xəbərlər bəzi otel və restoranların gəlirini 30%-dək azaldıb.

 





15.10.2025    çap et  çap et