Məsələn, biz sovet dövrünü görməyən nəsillərin vergiləri hesabına sovet müstəmləkəçiliyi zamanı yaradılan və artıq heç bir funksionallığı qalmayan mədəniyyəti niyə qoruyuruq? Çünki bu mədəniyyətin əlində çəkic yoxdur, olmayıb. Bayrağında çəkic şəkli olsa da.
Çünki bu mədəniyyət bütləri dağıtmaqla yox, yeni bütlər yaratmaqla görəvləndirilmişdi.
Nitsşe fəlsəfəni çəkiclə yaratdığını deyəndə Avropa mədəniyyətini köhnə bütlərdən xilas etmək istədiyini söyləyirdi.
Bu gün Azərbaycan da bütləşmiş, doğmalaşmış fikirlər, düşüncələr ölkəsidir. Bütün sahələr bütbeyinlərlə doludur. Bədənlər gənc olsa da, beyinlər qoca, hətta ölüdür.
Bu gün mədəniyyətimizin qələmdən çox, çəkicə ehtiyacı var. O çəkic yaşından asılı olmayaraq kimin əlindədirsə, bu millətin gələcəyini düşünən odur.
Bu gün 60 yaşı tamam olan millət vəkili əlində çəkic olan o azsaylı şəxsiyyətlərdən biridir. Ona görə söyənləri alqışlayanlarından çoxdur. Çünki beynimizdə oturmuş bütlər əli çəkicli adamları düşmən kimi görürlər.
Onun dəyəri sındırdığı bütlərin toz-torpağı çəkiləndən sonra daha aydın görünəcək.