Vaxt.AZ-ın “Reuters”in araşdırmasına istinadən yaydığı xəbərə görə, Suriya ordusu Qutayfahdakı böyük kütləvi məzardan çıxarılan cəsədləri yük maşınları ilə Dhumair səhrasında gizli məzarlığa daşıyıb. Agentliyin əldə etdiyi 13 şahid, sənədlər və peyk görüntüləri bu əməliyyatı təsdiqləyib. Peyk görüntülərində təxminən 2 km uzunluğunda 34 xəndək görünür. İnsan haqları təşkilatları hesab edir ki, bu xəndəklərdə on minlərlə insan basdırılıb.
Respublika qvardiyasının keçmiş zabiti bildirib ki, əməliyyat 2018-ci ilin sonunda başlayıb. Əsəd savaşda qalibiyyətini elan etməyə və beynəlxalq tanınmanı bərpa etməyə çalışırdı, lakin kütləvi məzarlar və müharibə cinayətləri iddiaları bu planın qarşısında əngəl idi.
Əsəd dekabr 2024-də devriləndən sonra Suriya yeni hökumət tərəfindən idarə olunur. Fövqəladə Hallar və Fəlakət İdarəsi naziri Raed əl-Saleh bildirib ki, “Minlərlə ana oğlunun, qadın həyat yoldaşının, uşaqlar isə valideynlərinin məzarını tapmaq üçün gözləyir. Bu yara hələ də qanayır”.
Yeni yaradılan İtkinlər Milli Komissiyası DNA bankı və rəqəmsal qeyd sistemi qurmağı planlaşdırır. Lakin mütəxəssis çatışmazlığı və məhdud resurslar prosesi çətinləşdirir.