Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ və İngiltərənin birgə həyata keçirdiyi əməliyyat çərçivəsində Çenin nəzarətində olan şirkət və əmlaklara sanksiyalar tətbiq edilib. İngiltərə hökuməti Londondakı dəyəri təxminən 100 milyon funt sterlinq olan bir mənzil də daxil olmaqla 19 mülki müsadirə edib. ABŞ Maliyyə Nazirliyi isə “Prince Group”u “beynəlxalq təşkilatlanmış cinayət qrupu” kimi qara siyahıya daxil edib.
Ədliyyə Nazirliyinin məhkəmə sənədlərinə görə, Çen Jinin idarə etdiyi dələduzluq şəbəkəsi, “pig butchering” adlanan saxta kripto investisiya vədləri ilə qurbanları hədəfə alıb. Sosial mediada yaradılmış saxta profillərlə qurulan etibar əsasında insanlar yüksək gəlir vəd edilərək kripto aktivlərinə investisiya etməyə təşviq olunub və sonra bu vəsaitlər fırıldaqçılar tərəfindən mənimsənilib.
Əksər qurbanların aldadıldığı bu rəqəmsal əməliyyatların mərkəzində Kambocadakı ən azı 10 müəssisədə zorla işlədilən on minlərlə insan olub. Onların sosial media hesabları, toplu mesaj sistemləri və saxta ticarət platformalarında istifadə olunaraq fırıldaqçılıq həyata keçirilib. Bu mərkəzlərdə “telefon şəbəkəsi” aşkar olunub – minlərlə telefon xətti vasitəsilə eyni anda mesajlar göndərilib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, əldə olunan gəlirlər kripto pulqabılar, ofşor maliyyə şirkətləri, kripto qarışdırıcıları və ənənəvi bank kanalları vasitəsilə yuyulub. Çen və komandası “spraying” adlı transfer metodu ilə kripto aktivləri minlərlə pulqabıya yayaraq prosesin izlənilməsini çətinləşdirib. Daha sonra bu vəsaitlər mərkəzləşdirilməmiş birjalar və OTC əməliyyatları vasitəsilə stabil kriptovalyutalara və ya real pullara çevrilib.
Sənədlərdə Çenin kripto mədənçiliyi, onlayn qumar şəbəkələri, yüksək gəlirli əmlak investisiyaları və incəsənət əsərləri vasitəsilə gəliri qanuni göstərməyə çalışdığı da qeyd olunub. Onun yaxın ətrafındakı yüksək vəzifəli menecerlərin rüşvət yolu ilə xarici əməliyyatlar apardığı və müxtəlif ölkələrdə səlahiyyətli şəxslərlə əməkdaşlıq etdiyi vurğulanıb.
Çen Jinə qarşı ABŞ-ın Bruklin Federal Məhkəməsində açılan işdə 40 ilədək həbs cəzası nəzərdə tutulur. Hazırda qaçqın vəziyyətdə olan Çenin yeri hələlik müəyyən edilməyib, lakin beynəlxalq səviyyədə tutulması üçün işlər davam etdirilir.
“Prince Holding Group”un əmlak, maliyyə, turizm və istehlakçı xidmətləri sahələrində fəaliyyət göstərdiyi, bu qanuni sahələrin arxasında isə çirkli pulların yuyulması və saxtakarlıq fəaliyyətlərinin həyata keçirildiyi bildirilir. ABŞ Maliyyə Nazirliyi tətbiq olunan sanksiyaların şirkətin qlobal maliyyə sisteminə çıxışını kəsməyi hədəflədiyini açıqlayıb.