“Microsoft” və “Nvidia”nın birgə təsis etdiyi “Süni intellekt İnfrastruktur” (AIP), Əbu-Dabi mərkəzli “MGX” və “BlackRock”un “Global Infrastructure Partners” (GIP) bölməsi ilə birlikdə təxminən 40 milyard dollar dəyərindəki “Aligned Data Centers” şirkətinin bütün səhmlərini almaq barədə razılığa gəlib.
Məsələ ilə bağlı yayılan yazılı açıqlamada bildirilir ki, AIP, MGX və GIP-in daxil olduğu konsorsium, “Macquarie Asset Management” tərəfindən idarə olunan xüsusi infrastruktur fondlarından və ortaq investorlarından “Aligned Data Centers”in 100% səhmini əldə edəcək.
Bu investisiya növbəti nəsil bulud texnologiyaları və süni intellekt infrastrukturlarının inkişafını dəstəkləyəcək.
Açıqlamada qeyd olunur ki, şirkət on ildən az bir müddətdə dünyada ən sürətlə böyüyən məlumat mərkəzi təminatçılarından birinə çevrilib. “Aligned Data Centers” yüksək texnologiyalı məlumat kampusları və mərkəzləri dizayn edir, tikir və idarə edir.
Alış əməliyyatının tənzimləyici təsdiqlərdən sonra 2026-cı ilin ilk yarısında tamamlanacağı gözlənilir.