“Science” jurnalında dərc olunan yeni tədqiqatda müəyyən edilib ki, yeraltında yaşayan bu heyvan mürəkkəb DNA təmiri mexanizmi inkişaf etdirib və alimlər bunun uzun ömrünün əsas açarı ola biləcəyini bildirirlər.
Çinin Şanxay şəhərindəki Tonji Universitetinin tədqiqatçıları qeyd edir ki, qırışlı siçanlarda cGAS proteinində təkamül mutasiyaları yaranıb. cGAS isə DNA zəncirlərində zədələri aşkar edib təmir etməyə və immun cavablarını aktivləşdirməyə yardım edən bir zülaldır.
Alimlər bu mutasiyaların heyvanın yaşlanmaya bağlı genetik zədələri təmir etmək qabiliyyətini artırdığını aşkar ediblər. Tədqiqatı aparan alimlər hesab edir ki, cGAS-ın DNA üzərində bu fərqli təsiri çılpaq kor siçanın uzun ömrünün cavabı ola bilər.
Bundan əlavə, heyvanın qəribə görünüşünə baxmayaraq genetik quruluşu siçanlarla müqayisədə insanlara “təəccüblü dərəcədə” oxşardır və bu səbəbdən uzun ömrün sirrini öyrənmək üçün “dəyərli bir model” sayılır.
Kembric Universitetində DNA təmiri və yaşlanma üzrə çalışan professor Qabriel Balmus BBC-yə açıqlamasında kəşfi həyəcanverici adlandırıb və gəmiricilərin niyə bu qədər uzun yaşadığını başa düşməyin “aysberqin yalnız görünən hissəsi” olduğunu söyləyib: “Çılpaq kor siçanın biologiyasını tərs mühəndisliklə anlaya bilsək, yaşlanan cəmiyyət üçün çox ehtiyac duyulan bəzi müalicələri inkişaf etdirə bilərik”.
“Perspektiv” adlı akademik icmal məqaləsində bioloq Con Martinez isə, "Çen və komandasının tapıntıları, çılpaq kor siçanın nüvəsindəki cGAS-ın uzun ömrə təsir edən gözlənilməz rolunu izah edir", – yazıb.
Alimlər vurğulayırlar ki, cGAS-ın həm qısa, həm də uzunömürlü digər orqanizmlərin nüvəsində oynaya biləcəyi rolları müəyyən etmək üçün daha çox araşdırma aparmaq lazımdır, lakin ilkin nəticələr düşündüyümüzdən daha mürəkkəb ola bilər.