Vaxt.Az

Qrenlandiya kiçilir və sürüşür


 

Günahkar iqlim dəyişikliyidir?

Qrenlandiya kiçilir və sürüşür Yeni tədqiqatlara görə Qrenlandiya həm geoloji dəyişikliklər, həm də sürətlənən iqlim dəyişikliyi səbəbindən formasını dəyişir. “Journal of Geophysical Research” jurnalında dərc olunan “DTU Space” araşdırması göstərir ki, ada getdikcə bükülür, gərilir və hər il təxminən iki santimetr şimal-qərbə doğru hərəkət edir.

Bu hərəkətlərin səbəbi buz təbəqəsinin əriməsi nəticəsində yer qabığındakı təzyiqin azalmasıdır. Bəzi bölgələr genişlənir, digərləri isə sıxılır – nəticədə ada ümumilikdə “kiçilir”.

Tədqiqatın aparıcı müəllifi Dancal Lonqfors Berqin sözlərinə görə, ərimə sürətləndikcə bu prosesin istiqaməti də dəyişə bilər. Qrenlandiya ətrafındakı 58 GNSS stansiyasından toplanan məlumatlar, son 20 ildə adanın davamlı şəkildə sürüşdüyünü təsdiqləyir.

İqlim dəyişikliyi Qrenlandiyadakı nəhəng buz təbəqəsini hər il milyardlarla ton əridir. 2024-cü ildə buz itkisi 90 qiqatona çatıb. Bu son illərin ən aşağı göstəricisidir, lakin Qrenlandiyanın artıq 28 ildir istehsal etdiyindən daha çox buz itirdiyi anlamına gəlir.

Qrenlandiya buz təbəqəsi planetin ən böyük şirin su ehtiyatlarından biridir. Əgər bu buzların hamısı əriyərsə, dəniz səviyyəsi 7,4 metr yüksələ bilər. “Copernicus”un məlumatlarına görə, cəmi bir santimetrlik artım belə təxminən 6 milyon insanı sahil daşqınları riski ilə üz-üzə qoyar.

Alimlər həmçinin bildirirlər ki, son Buzlaşma dövründən bəri yerin əsas qayası hələ də “bərpa mərhələsindədir”. Berqin sözlərinə görə, “əriyən buzlar Qrenlandiyanı xaricə doğru itələyir, eyni zamanda qədim dövrlərdəki dəyişikliklərin təsiri ilə ada əks istiqamətdə daralır”.

Qrenlandiya həm keçmişin izlərini, həm də müasir iqlim böhranının yükünü eyni anda daşıyır və bu proses, planetin gələcəyinə birbaşa təsir göstərir.

 





16.10.2025    çap et  çap et