Vaxt.AZ xəbər verir ki, Dünya Ruh Sağlığı Günü çərçivəsində “Santé publique France” tərəfindən yayımlanan 2024-cü il milli intihar hesabatına görə, 2023-cü ildə Fransada ümumilikdə 8 848 nəfər intihar edib. Hesabatda həm qadınlar, həm də kişilər üçün intihar nisbətlərinin son beş ilin ortalaması ilə müqayisədə “ümumilikdə sabit” qaldığı qeyd olunub.
Məlumatlara görə, 2022-ci ilə nisbətən intihar nisbəti 4% azalıb. Bu isə hər 100 min nəfərə 13 ölüm deməkdir.
2023-cü ildə intihar edənlərin 75%-i kişilər olub. Xüsusilə 85 yaş və yuxarı kişilər arasında nisbət çox yüksəkdir. Hər 100 min kişidən 76-sı intihar edib. Bu nisbət 65 yaş üstündə 37-yə, 45-64 yaş aralığında isə 29-a düşür.
Qadınlarda ən yüksək intihar nisbəti 85 yaş üstü qrupda müşahidə olunub (hər 100 min qadından 12-si). Qadınlarda ən çox istifadə edilən intihar üsulu dərman vasitəsilə olur, kişilərdə isə asılmaqla intihar ön plandadır.
“Santé publique France” məlumatına görə, 2024-cü ildə xüsusilə 11-24 yaş arası qız uşaqları və gənc qadınlar arasında intihar cəhdləri və özünü zədələmə hallarının artımı qeydə alınıb.
Xəstəxana qeydiyyatlarına görə, 11-17 yaş aralığında hər 100 min gənc qızdan 674-ü, 18-24 yaş aralığında isə 424-ü “özünə zərər vermə” səbəbindən xəstəxanaya yerləşdirilib. Bu halların 77%-i dərman vasitəsilə zəhərlənmə səbəbilə baş verib.
Fransız rəsmilər, xüsusilə gənc qadınlar arasında bu artımın sosial və psixoloji dəstək mexanizmlərinin yetərsizliyini göstərdiyini vurğulayıb. Psixoloqlar bildirir ki, intihar hələ də ölkədə ciddi bir ictimai sağlamlıq problemidir.