İlk mərhələdə ABŞ, Kanada, Avstraliya və Böyük Britaniyada işə düşəcək sistem 2026-cı ilin əvvəllərində Avropa və Türkiyəyə də gətiriləcək.
Yeni qaydaya görə, “Instagram” gənc istifadəçilərə yalnız “PG-13”, yəni 13 yaş və yuxarı üçün uyğun məzmun göstərəcək. Bu filtr avtomatik aktiv olacaq və yalnız valideyn icazəsi ilə aradan qaldırıla biləcək.
Avropa versiyasında isə sistem “FSK-12”, yəni 12 yaş və yuxarı üçün uyğun məzmun standartına uyğun işləyəcək.
“Instagram” artıq gənclərə zərərli ola biləcək məzmuna qarşı sərt mövqe tutur.
Təhqir olan videolar, təhlükəli “challenge”lar, narkotik istifadəni nümayiş edən görüntülər və yüksək riskli paylaşımlar gənclərə göstərilməyəcək. Həmçinin gənc istifadəçilər bu tip məzmun paylaşan hesabları izləyə bilməyəcək.
Yeni sistemlə valideynlər uşaqlarının hesablarını yaxından izləyə biləcək. 13–15 yaş arası gənclərin hesabları avtomatik olaraq gizli olacaq, naməlum şəxslər mesaj göndərə bilməyəcək və narahatedici şərhlər filtrdən keçəcək.
Meta şirkətinin açıqlamasında bildirilib ki, "Hər ailə fərqlidir. Bəzi valideynlər 13 yaşdan yuxarı məzmunları da çox hesab edə bilər. Buna görə də “Məhdud mövzu” adlı daha sərt filtr gətiririk".
Ekspertlərə görə, bu qərar sosial media tarixində əhəmiyyətli bir dönüm nöqtəsi ola bilər.
Bəzi ölkələr sosial medianın 16 yaşdan aşağı istifadəçilər üçün qadağan edilməsini tələb edir. Almaniya və Türkiyədə də “yaş məhdudiyyəti” çağırışları artmaqdadır.
“Instagram”ın bu addımı ilə gənclərin sosial media vərdişləri tamamilə dəyişə bilər.