Vaxt.AZ xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, Şərif hökumət iclasında Pakistan-Əfqanıstan gərginliyini dəyərləndirib və iki ölkə arasındakı problemlərə davamlı həll tapmaq istədiyini vurğulayıb: “Biz 48 saatlıq müvəqqəti atəşkəs qərarı verdik və bununla da Əfqanıstan rəhbərliyinə – əgər tələblərimizi qəbul edirlərsə – dialoqa açıq olduğumuzu göstərdik”.
Şərif bildirib ki, Əfqanıstan tərəfi məsələyə ciddi yanaşarsa, danışıqların başlaması üçün lazımi addımlar atılacaq. O, həmçinin bəzi müttəfiq ölkələrin də problemin həlli üçün vasitəçilik etdiyini qeyd edib.
Baş nazir əlavə edib ki, atəşkəs Əfqanıstanın xahişi ilə elan olunub, lakin əgər bu addım yalnız “vaxt udmaq” məqsədi daşıyırsa, Pakistan bunu qəbul etməyəcək.
Pakistan oktyabrın 9-da “Pakistan Talibanı” (TTP) ilə mübarizə çərçivəsində Əfqanıstan ərazisinə hava zərbələri endirib. Buna cavab olaraq, Əfqan təhlükəsizlik qüvvələri 11 oktyabrda sərhəd boyunca Pakistan postlarına hücum edib və qarşıdurmalar alovlanıb.
Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə müvəqqəti sakitlik əldə olunsa da, oktyabrın 14-də sərhəddə gərginlik yenidən artıb. Əfqanıstanın xahişi ilə Pakistan oktyabrın 15-də 48 saatlıq atəşkəs elan edib.
Pakistan, Talibanın 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra, TTP-yə qarşı ciddi tədbirlər görülməsini tələb edir.
İslamabad iddia edir ki, “terror təşkilatı” kimi tanıdığı TTP Əfqanıstan ərazisində gizlənir və Pakistan daxilində hücumlar həyata keçirir.
Kabil rəhbərliyi isə bunu təkzib edir və TTP-nin Əfqanıstan torpaqlarında fəaliyyət göstərmədiyini bildirir.
TTP əsasən İngiltərə müstəmləkə dövründə çəkilmiş və iki ölkə arasında faktiki sərhəd sayılan Durand Xətti boyunca uzanan Pəştun qəbilə bölgəsində fəaliyyət göstərir.