Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi (SAMR) “BYD Co.” şirkətinin mühərrikləri və batareyalarla bağlı potensial təhlükəsizlik riski səbəbindən “Tang” və “Yuan Pro” seriyasına aid 100 mindən çox avtomobili geri çağıracağını açıqlayıb.
Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, rəsmi məlumata görə, “BYD” 28.03.2015 – 28.07.2017 tarixləri arasında istehsal edilən 44 535 ədəd “Tang” modelini mühərrik idarəetmə sistemindəki nasazlıq ehtimalına görə geri çağırmaq üçün quruma plan təqdim edib.
Bununla yanaşı, 06.02.2021 – 05.08.2022 tarixləri arasında istehsal edilən 71 248 ədəd “Yuan Pro” tam elektrikli avtomobili də batareyanın təhlükəsizliyini poza biləcək yanlış quraşdırılmış batareya səbəbilə geri çağırılacaq.
SAMR qeyd edib ki, qərar mühərrik və batareya sistemlərində aşkar olunan potensial təhlükələr barədə aparılan araşdırmanın nəticəsidir.
Bu, “BYD” şirkətinin 2024-cü ilin sentyabrından bəri ilk böyük geri çağırmasıdır. Həmin vaxt şirkət sükan idarəetmə blokundakı nasazlıq səbəbilə təxminən 97 min “Dolphin” və “Yuan Plus” modelini geri çağırmışdı.
“BYD”-nin səhmləri Honq-Konq birjasında 1,4% dəyər itirib. Şirkət 2024-cü ildə ABŞ-ın “Tesla Inc.” şirkətini geridə qoyaraq dünyanın ən böyük elektrikli avtomobil istehsalçısına çevrilmişdi.
çap et