Layihənin ilk həmmüəllifi konqresmen Qas Bilarakis, təşəbbüskarı isə respublikaçı Darrel İssa olub. Komitələrdə baxılma tarixi hələ müəyyənləşməyib. Qanun qüvvəsinə minməzdən öncə sənəd bir neçə təsdiq mərhələsindən keçməlidir.
Təşəbbüsün məqsədi – ABŞ-ın Cənubi Qafqaza dair mövcud və gələcək siyasətinə istiqamət verməkdir.
Layihənin əsas ideyası – Ermənistanla razılaşmaları pozacağı halda Azərbaycan üçün mümkün nəticələri müəyyənləşdirməkdir. Bu, guya “Ermənistana qarşı yeni təcavüzün qarşısını almaq” üsulu kimi təqdim olunur.
Sadə desək, sənəd Azərbaycanın gücdən istifadə etməsi halında ABŞ-ın Bakıya qarşı tətbiq edə biləcəyi sanksiyaları göstərir. Lakin Ermənistanın mümkün təxribatları və ya razılaşmalardan imtinası barədə heç bir bənd yoxdur.
Bu qanun layihəsini hazırlamağa erməni lobbisini sövq edən amillər:
Konqresdə təsir gücünə baxmayaraq, erməni lobbisi ABŞ-ın icra hakimiyyətindən Azərbaycana qarşı istədiyi təzyiqi ala bilmədi.
Vaşinqton razılaşmasının imzalanmasından sonra və yeni siyasi reallıqda – Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ prezidenti Donald Tramp arasında formalaşmış qarşılıqlı hörmət fonunda – erməni lobbisi anladı ki, köhnə anti-Azərbaycan ritorikası artıq işləmir. Buna görə də taktika dəyişdirildi, daha “realist” hədəflərə yönəldildi.
Layihə sanksiya mexanizmlərinə əsaslansa da, müəlliflər onu qəsdən “Sülh Aktı” adlandırıblar ki, Donald Trampın “sülh” anlayışına xüsusi münasibətindən istifadə etsinlər.
Sənədin əvvəlində “Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün dəstəklənməsi” və “Vaşinqton razılaşmasının alqışlanması” kimi ifadələrin əlavə olunması sənədə guya “sülhpərvər” çalar verir. Amma əslində bu sənəd Azərbaycanın keçmiş hərbi əməliyyatlarını “təcavüz” kimi hüquqi müstəviyə daşıyır və gələcək ABŞ administrasiyalarını Bakıya qarşı sanksiyalar tətbiq etməyə məcbur edir.
Bu təşəbbüs icra hakimiyyətinin balanslı diplomatiya səylərini ciddi şəkildə çətinləşdirə bilər. “Sülh Aktı”na etiraz isə asanlıqla “sülhə qarşı çıxmaq” kimi təqdim edilə bilər.
Bundan əlavə, layihə ABŞ Konqresinin regionla bağlı xarici siyasətdə təsirini institusionallaşdırmaq məqsədi daşıyır.
Ənənəvi olaraq xarici siyasət – o cümlədən Azərbaycanın yardım almasını məhdudlaşdıran 907-ci düzəlişin ləğvi və ya dondurulması – icra hakimiyyətinin səlahiyyətinə daxildir. Lakin “Sülh Aktı” bu prosesi yan keçməyə, “düşmənçilik addımları” kimi tanınan hallardan sonra sanksiyaları məcburi etməyə çalışır.
Nəticədə layihənin əsas məqsədi – ABŞ administrasiyasının Azərbaycanla bağlı manevr imkanlarını məhdudlaşdırmaq və erməni lobbisinə sərf edən davamlı mexanizm yaratmaqdır. Bu, “sülh və sabitlik” pərdəsi altında anti-Azərbaycan kursunu qanuniləşdirmə cəhdidir.