Vaxt.Az

Lavrov erməniləri məyus etdi


 

XİN rəhbərləri görüşdü

Lavrov erməniləri məyus etdi «Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır. İqtisadi əlaqələrimiz sürətlə inikşaf edir».


Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

E.Məmmədyarov bildirib ki, görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin də müzakirə olunduğunu söyləyib: «Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Mövcud status-kvo qəbuledilməzdir və məsələni ölü nöqtədən tərpətmək yolları müzakirə olundu».
E.Məmmədyarov qeyd edib ki, ölkələr arasında parlament diplomatiyası da mühümdür, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiyada səfərdə olub, Rusiya parlamentarları yaxın vaxtlarda Azərbaycana səfər edəcəklər.

E.Məmmədyarov görüşdə Yaxın Şərq və Ukraynada baş verənlərin də müzakirə olunduğunu, S. Lavrovun Ukrayna ilə bağlı Rusiyanın mövqeyini çatdırdığını bildirib.

***

«Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı Azərbaycana heç bir rəsmi dəvət olmayıb».

Bu açıqlamanı isə Sergey Lavrov görüşdən sonra keçirilən mətbuat konfransındakı çıxışı zamanı səsləndirib.

Daha sonra S.Lavrov deyib: «Ancaq rəhbər şəxslərin rəsmi görüşlərində bu məsələ müzakirə olunub. Tərəfdaşlarımızın bura qoşulması ilə bağlı istənilən müraciətinə müsbət yanaşarıq».

S.Lavrov həmçinin qeyd edib ki,  Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir əlaqəsi yoxdur: «Bunu Rusiya, Qazaxıstan və Belarus dövləti yaradıb. Yaxın vaxtlarda isə bu quruma Ermənistan da qoşulacaq. Ermənistan BMT prinsipləri çərçivəsində təsdiq olunmuş sərhədləri ilə Avrasiya İttifaqına daxil olacaq».

 





18.06.2014    çap et  çap et