Hazırda “Brent” markalı neftin bir bareli 61 dollar, ABŞ-ın “WTI” markalı xam neftinin qiyməti isə 57 dollara yaxın ticarət olunur. ABŞ və Çin arasında növbəti ticarət danışıqlarının bu həftə keçirilməsi gözlənilir. ABŞ Prezidenti Donald Tramp asiyalı tərəfdaşa tətbiq edilən yüksək gömrük rüsumlarının davamlı olmadığını, danışıqların razılaşma ilə nəticələnə biləcəyi barədə nikbin açıqlama verib.
Bu arada, Çin iqtisadiyyatı ardıcıl ikinci rübdə də zəifləyib. Güclü ixrac göstəricilərinə baxmayaraq, həm istehlakçıların, həm də şirkətlərin xərclərini azaltması iqtisadi artımı mənfi təsirləyib.
Neft fyuçersləri ardıcıl üçüncü ayını da mənfi zonada başa vurmağa doğru gedir. Qiymətlər, 2026-cı ilə qədər davam edəcəyi proqnozlaşdırılan təklif artıqlığı səbəbindən təzyiq altındadır. Beynəlxalq Enerji Agentliyi (IEA) ötən həftə yayımladığı hesabatda, bu artıqlığın əvvəlki proqnozlardan daha böyük olacağını bildirib. Bununla belə, Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumları zaman-zaman qiymətlərdə qısamüddətli artımlar yarada bilər.
Donald Tramp ötən həftə Rusiya Prezidenti Vladimir Putinlə ikinci görüş keçirəcəyini və Ukraynada müharibəyə son qoymaq istiqamətində səylərini davam etdirəcəyini açıqlayıb. Lakin əvvəlki görüşlər döyüşlərin dayandırılmasında məhdud nəticə verib. Buna baxmayaraq, gərginliyin azalması halında “Citigroup Inc.” neftin qiymətinin bir barel üçün 50 dollara qədər enə biləcəyini proqnozlaşdırır.