Şəhərin heyvan rifahı xidməti açıqlayıb ki, oktyabrın 6-dan noyabrın 10-a qədər qara pişiklərin baxım və ya sahiblənilmə müraciətləri qəbul edilməyəcək. Məqsəd, bu heyvanların zərər görməsinin və ya bayram bəzəyi kimi istifadə edilməsinin qarşısını almaqdır.
Terrassa bələdiyyə sədrinin müavini Noel Duque, “RTVE” telekanalına açıqlamasında bildirib ki, Hellouin ərəfəsində qara pişiklərə sahib çıxmaq istəyənlərin sayı artır. Onun sözlərinə görə, bəzən insanlar sadəcə “moda olduğu üçün” və ya emosional qərarla pişik götürür, bu isə heyvanların sonradan tərk edilməsinə və ya sui-istifadəyə səbəb olur.
Qərb mədəniyyətində qara pişiklər çox vaxt cadugərlik və uğursuzluqla əlaqələndirilir, lakin Yaponiya və Misir kimi ölkələrdə onlar uğur və rifah simvolu hesab olunur.
“BBC”nin məlumatına görə, Terrassa bələdiyyəsi şəhərdə qara pişiklərə qarşı zorakılıq hadisəsi qeydə alınmadığını, lakin digər bölgələrdə bu cür halların yaşandığını bildirib. Qərarın, heyvan hüquqları təşkilatlarının xəbərdarlıqlarından sonra qəbul edildiyi qeyd olunub.
Kataloniya Xəbər Agentliyinin məlumatına əsasən, Terrassada 9 min 800-dən çox pişik yaşayır, onların təxminən 100-ü sığınacaqlardadır, 12-si isə qara rəngdədir.
Qadağa müddətində istisna hallarda müraciətlər fərdi şəkildə qiymətləndiriləcək, normal sahiblənmə prosesi Hellouindən sonra bərpa ediləcək.