Vaxt.Az

“Ədalətli razılaşma istəyirik”


 

Trampın Çindən tələbləri

“Ədalətli razılaşma istəyirik” ABŞ Prezidenti Donald Tramp, Çin hökumətindən üç əsas məsələ – nadir torpaq elementlərinə qlobal nəzarətdən imtina, fentanil ixracının dayandırılması və soya paxlası idxalının bərpası üzrə geri addım atmağı tələb edib.

Floridadan Vaşinqtona qayıdarkən çıxış edən Tramp bildirib ki, “Çinin bizimlə nadir torpaq elementləri üzərindən oyun oynamasını istəmirik”. Pekinin bu sahədə qlobal nəzarət tətbiq edəcəyini açıqlamasına cavab olaraq, ABŞ lideri Çin məhsullarına 100 faiz gömrük rüsumu tətbiq olunacağını elan edib.

Tramp həmçinin Çinin ölümcül narkotik maddə fentanilin ixracına nəzarət etmədiyini, bunun da ABŞ-da böhranı dərinləşdirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu tələblər “tamamilə normal və ədalətli”dir.

 

Ticarət gərginliyi və qarşılıqlı addımlar

 

ABŞ Maliyyə naziri Skott Bessent, bu həftə sonu ABŞ və Çin nümayəndələrinin Malayziyada görüşəcəyini açıqlayıb. Görüşün, Trampın Çin Baş nazirinin müavini ilə keçirdiyi “konstruktiv danışıqlardan” sonra baş tutacağı bildirilir.

Tramp Pekinin nadir torpaq elementlərinə qlobal nəzarət planına sərt reaksiya göstərərək, Si Cinpinqlə planlaşdırılan görüşü təxirə sala biləcəyini deyib. O, əlavə gömrük rüsumlarının noyabrın 1-də qüvvəyə minəcəyini bəyan edib. Çin isə cavab olaraq öz ixrac məhdudiyyətlərini sərtləşdirib.

Tramp Si ilə yaxşı münasibətləri olduğunu desə də, “razılaşmanın yalnız ədalətli olacağı halda mümkündür” mesajını verib.

 

Soya və fentanil məsələsi

 

Ticarət mübahisəsində soya paxlası, Pekin üçün əsas təzyiq vasitəsinə çevrilib. Çin ötən il ABŞ-dan 12,6 milyard dollarlıq soya almış, bu il isə idxalı tamamilə dayandıraraq Cənubi Amerikaya yönəlmişdi.

Tramp fevralda qanunsuz fentanil idxalı səbəbilə Çin məhsullarına 20 faiz rüsum tətbiq etmişdi. Çin isə iyunda bu maddənin istehsalında istifadə olunan kimyəvi komponentlərin ixracını məhdudlaşdırıb.

Pekin, “narkotik böhranının məsuliyyəti ABŞ-ın öz üzərinə düşür” mövqeyini qoruyur. Çin Xarici İşlər Nazirliyi isə bildirib ki, ticarət müharibəsi heç kimin xeyrinə deyil və tərəflər “qarşılıqlı hörmət və bərabərlik” prinsipi ilə danışıqları davam etdirməlidir.

Ekspertlərə görə, Çin nadir torpaq elementləri üzrə ixrac məhdudiyyətlərinin qlobal ticarət axınlarını pozmayacağını israrla vurğulasa da, bu məsələ ABŞ–Çin münasibətlərində yeni bir gərginlik mərhələsinin başlanğıcı ola bilər.

 





20.10.2025    çap et  çap et