«Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Mövcud status-kvo qəbuledilməzdir və məsələni ölü nöqtədən tərpətmək yolları müzakirə olundu», cənab Məmmədyarovdan sitatı APA gətirir.
Cənab Lavrov isə diqqəti Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada görüşünə çəkib.
«Praktik addımların atılması barədə nə qədər tez razılığa gəlinsə, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar».
İyunun 17-dən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük rəsmi səfəri başlayıb. Bu, nazirin son yarım ildə Azərbaycana ikinci səfəridir.
Nazir Lavrovun görüşü ona görə önəmli sayılır ki, müzakirə gündəliyində əsasən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycanın Avrasiya və Gömrük İttifaqına üzv olmaqla bağlı məsələlər daxildir.
Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı «heç bir formal və ya rəsmi təklif olmadığını» deyən nazir Lavrov ölkələrin «rəhbər şəxslərinin görüşlərində bu məsələnin müzakirə olunduğunu» qeyd edib.
«Avrasiya İttifaqı tərəfdaşlarımızın üzünə açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşardıq».
Onun sözlərinə görə, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə «aidiyyəti yoxdur».
«Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır».
Cənab Lavrov deyib ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunduğunu açıqlayıb.
«Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək».
Cənab Məmmədyarov isə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün mümkünlüyü barədə danışıb.
«Biz hazırda Fransadan belə bir görüşün təşkili barədə daha konkret təklif gözləyirik» deyən nazir nəzərdə tutulan görüş barədə dəqiq məlumata malik olmadığını qeyd edib.
Nazirlərin görüşündə həmçinin, Həştərxanda keçiriləcək Xəzər sammitinə hazırlıq barədə də müzakirə mövzusu olub. (Mənbə: XİN mətbuat xidməti)