Qanun layihəsi hakim CDU/CSU bloku ilə SPD fraksiyasının səsləri ilə qəbul edilib.
Yeni qaydalara görə, “ağır parlament pozuntusuna” yol verən deputatlara tətbiq olunan cərimə 1000 avrodan 2000 avroya qaldırılıb. Eyni qaydanı təkrarlayan deputatlar isə 4000 avro ödəməli olacaqlar.
Bundan əlavə, üç həftə ərzində üç dəfə “nizam-intizama çağırılan” deputatlar avtomatik cərimələnəcək. Əgər bu üç xəbərdarlıq eyni iclasda baş verərsə, deputat məclis zalından çıxarılacaq.
Bundestaqın sədri Yuliya Klökner (Julia Klöckner) qərarın siyasi deyil, “parlament mədəniyyətini qorumağa yönəlik” olduğunu bildirib:
“Bu, siyasi mövqe ilə bağlı deyil, parlamentin necə fəaliyyət göstərməsi ilə bağlı məsələdir”.
Yeni qaydalar xüsusilə “Almaniya üçün Alternativ” (AfD) partiyasının etirazına səbəb olub. Partiyanın fraksiya rəhbəri Stefan Brandner qərarı “hakimiyyətin öz çoxluğunu təmin etmə cəhdi” kimi qiymətləndirib.
Brandnerin sözlərinə görə, yeni sistem hakim partiyalara istənilən deputatı asanlıqla iclasdan çıxarma imkanı verir.
Keçmişdə Bundestaqda sərt çıxışları və qayda pozuntuları ilə gündəmə gələn AfD deputatları “nizam-intizama çağırılma” hallarının əksəriyyətini təşkil edir. Bununla yanaşı, son aylarda “Sol Partiya” (Die Linke) üzvləri də oxşar xəbərdarlıqlarla qarşılaşıblar.
İslahat paketi həmçinin parlament dialoqunun canlandırılmasını nəzərdə tutur. Artıq deputatlar “Aktual Saat” (Aktuelle Stunde) adlanan qısa müzakirə sessiyalarında da digər fraksiyalara ara suallar ünvanlaya biləcəklər.
Əvvəllər bu hüquq yalnız ümumi plenar iclaslarda tətbiq olunurdu. Məqsəd – “daha canlı və birbaşa parlamentar müzakirə” mühitinin yaradılmasıdır.
Yeni qaydalar deputatların davranışı ilə yanaşı, iş intizamını da əhatə edir. Artıq səsvermələrə əsassız səbəblə qatılmayan deputatların maaşından 200 avro kəsiləcək – bu, əvvəlki cərimənin ikiqatıdır.
Əgər deputat bütün iclas gününü buraxarsa, maaşdan 300 avro tutulacaq. Bundestaq üzvlərinin vergisiz aylıq gəlirləri təxminən 12 min avro təşkil edir.