Vaxt.Az

Neft qiymətləri 5 ayın ən aşağı səviyyəsində


 

“Goldman Sachs” 2026-cı ildə 52 dollarlıq proqnoz verdi

Neft qiymətləri 5 ayın ən aşağı səviyyəsində Qlobal neft bazarlarında qiymətlər ardıcıl üçüncü həftədir ki, ucuzlaşmaqda davam edir. Asiya sessiyasında “Brent” markalı neftin dekabr fyuçersləri bir qədər geriləyərək barelinə 61 dollar, “WTI” markalı neft isə 57,45 dollar səviyyəsində qərarlaşdı. Hər iki göstərici son beş ayın ən aşağı hədlərinə yaxındır. Hazırda “Brent” 60.83, “WTI” isə 57,38 dollardan təklif olunur.Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, qiymətlərin enməsinin əsas səbəbləri kimi, qlobal təklif bolluğuna dair artan narahatlıqlar və zəifləyən tələbat göstərilir. Analitik şirkət “Vortexa”nın məlumatına görə, hazırda dünya üzrə tankerlərdə 1,2 milyard bareldən artıq xam neft daşınır. Bu, həm istehsalın artması, həm də nəql marşrutlarının uzanması ilə əlaqələndirilir.

Mənbələr bildirir ki, hasilatdakı artım əsasən “OPEC+” ölkələrinin son iki il ərzində tətbiq etdiyi istehsal məhdudiyyətlərini tədricən aradan qaldırmağa başlamasından qaynaqlanır. ABŞ və Braziliyadan artan ixrac da qlobal bazarda təklifin çoxalmasına əlavə dəstək verir. ABŞ Prezidenti Donald Trampın “daha çox enerji istehsalı və aşağı neft qiymətləri” çağırışları bu siyasətin davamlılığını gücləndirir.

Eyni zamanda, Yaxın Şərqdə İsrail və “Hamas” arasında ABŞ vasitəçiliyi ilə əldə olunan atəşkəsin qorunması, bazarlarda risk premyasının azalmasına səbəb olub. Beləliklə, ticarətçilər regiondakı gərginlikdən doğan təchizat kəsintisi risklərini artıq qiymətə daxil etmirlər.

***

İnvestisiya bankı “Goldman Sachs” yeni hesabatında “Brent” markalı neftin qiymətinin gələn ildən başlayaraq tədricən enəcəyini və 2026-cı ilin dördüncü rübündə barelinə 52 dollara qədər düşəcəyini proqnozlaşdırıb.

Bununla belə, analitiklər bu enişin dərhal baş verməyəcəyini, bir neçə amilin prosesi gecikdirə biləcəyini qeyd ediblər. Bankın qiymətləndirməsinə görə, noyabr ayında OECD ölkələrində neft ehtiyatlarının artımı artıq qiymətlərə daxil edilib, növbəti ciddi artım isə yanvarda — gündəlik 1,7 milyon barel səviyyəsində gözlənilir.

İkinci amil kimi isə dizel yanacağı üzrə emal marjlarının hələ də yüksək qalması göstərilir. Bu, emal zavodlarının fəaliyyətini və xam neftə olan tələbi hələlik dəstəkləməkdədir.

“Goldman Sachs” əlavə edib ki, Rusiya neft hasilatında daxili və xarici təzyiqlərə görə azalma riski qalmaqdadır. Mütəxəssislər rublun dəyərdən düşməsi, köhnəlmiş texniki avadanlıq, texnologiya çatışmazlığı və Ukraynanın enerji infrastrukturuna hücumlarını bu risklərdən sayır.

Bazar müşahidəçiləri bildirirlər ki, həm istehsal artımı, həm də geosiyasi gərginliklərin müvəqqəti səngiməsi fonunda neft qiymətləri yaxın aylarda təzyiq altında qalmağa davam edəcək.

 





21.10.2025    çap et  çap et