Vaxt.AZ ABŞ mediasına istinadən xəbər verir ki, kitab satışlarını izləyən “Circana BookScan” şirkətinin məlumatına görə, 2025-ci ilin sentyabrında İncil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 36% artıb.
Normalda aylıq 1,5 milyon nüsxə səviyyəsində sabit qalan satışlar, sentyabrın 10-da Kirkin qətlə yetirilməsindən sonra 2,4 milyon nüsxəyə yüksəlib.
***
“Wall Street Journal” yazır ki, xüsusilə gənclər arasında müqəddəs kitaba maraq nəzərəçarpacaq dərəcədə artıb. “HarperCollins Christian Publishing” şirkətinin rəhbəri Mark Şoenvald (Mark Schoenwald) bildirib ki, Kirkin ölümü “bir çox insanda dini oyanış hissini” gücləndirib: “İnsanlar nəyə və niyə inandıqlarını yenidən düşünməyə başlayıblar”.
Şoenvalda görə, yalnız İncil satışları deyil, həm də təfsir və dini tədris kitablarının satışlarında artım müşahidə olunur. Bu, oxucuların İncilin mənasını anlamağa və onun təlimlərini gündəlik həyatlarına tətbiq etməyə çalışdıqlarını göstərir.
Nəşriyyat məlumatına əsasən, 18–34 yaş arası amerikalılar arasında İncil oxumağa və dini tədbirlərə maraq hiss olunur. Kirk uzun müddət universitet müzakirələrində gənclərlə açıq debatlara çıxması ilə tanınırdı və bu yaş qrupu onun əsas dinləyici kütləsini təşkil edirdi.
“Circana BookScan” analitiki Brenna Konnor (Brenna Connor) “The Journal”a bildirib ki, sentyabrda ABŞ-da şiddət dalğası, geosiyasi gərginliklər və iqtisadi qeyri-sabitlik eyni anda baş verib və bu, “krizis anlarında insanların inanca üz tutması” tendensiyasını bir daha göstərib.
***
Kirkin həyat yoldaşı Erika Kirk, sentyabrın 21-də Arizonada keçirilən dəfn mərasimindəkı çıxışında ərinin ölümünün ölkə miqyasında dini oyanışa səbəb olduğunu deyib: “Keçən həftə insanların 10 ildən sonra ilk dəfə İncil açdığını gördük. Bəziləri uşaq vaxtından bəri ilk dəfə dua etdilər, bəziləri isə həyatlarında ilk dəfə kilsə ayinlərinə qatıldılar”.
Erika Kirk, çıxışında ərini vurmaqda ittiham olunan şəxsi bağışladığını da bildirib.
İncil satışlarındakı artım, ABŞ Prezidenti Donald Tramp üçün də siyasi baxımdan müsbət hesab olunur. Tramp 2024-cü il iyulun 13-də Pensilvaniyanın Butler şəhərində baş verən sui-qəsd cəhdini anmaq üçün 59,99 dollara satılan şəxsi markalı “Müqəddəs kitab” nəşrini təqdim etmişdi.
Kitabın üz qabığında Trampın adı və “Tanrının müdaxilə etdiyi gün” (“The Day God Intervened”) ifadəsi yer alır. Satışlar rəsmi seçki kampaniyası ilə bağlı olmasa da, kitabın “Tramp brendi” altında bazara çıxarılması dini-siyasi əlaqə yaratdığı üçün mübahisələr doğurub.
“Associated Press”in araşdırmasına görə, “Tanrı ABŞ-ı qorusun” (“God Bless the USA Bible”) adlanan bu nüsxələr Çində çap olunur.
Çarli Kirkin öldürülməsi və İncil satışlarının artışı ABŞ cəmiyyətində dini kimliyin yenidən siyasi və mədəni qüvvəyə çevrildiyini göstərir. Mühafizəkar dairələrdə bu hadisə “xristian dəyərlərinin təhdid altında olduğu” müzakirələrini gücləndirir, eyni zamanda Trampın seçici bazasında dini həmrəyliyin artmasına təkan verir.