Vaxt.AZ “Xinhua” agentliyinə istinadən xəbər verir ki, ÇKP Mərkəzi Komitəsinin 205 əsas və 171 ehtiyat üzvünün iştirak etdiyi dörd günlük iclasın açılışında Si Cinpin çıxış edərək Siyasi Büronun fəaliyyət hesabatını təqdim edib.
Toplantıda 15-ci “Beşillik Plan”ın detalları müzakirə ediləcək. Həmçinin korrupsiya istintaqları səbəbindən vəzifədən uzaqlaşdırılan və partiyadan çıxarılan yüksək çinli məmurlarla bağlı qərarların da elan olunacağı gözlənilir.
“The New York Times” qəzetinin təhlilində qeyd olunur ki, Pekində siyasətçilər “Si Cinpinin daha nə qədər hakimiyyətdə qalacağını və ondan sonra kim gələcəyini” bilmək istəyirlər, lakin bu sualları açıq şəkildə vermək mümkün deyil.
Təhlildə vurğulanır ki, artıq 13 ildir ölkəni idarə edən Si Cinpin qarşısında ikiqat dilemma dayanır.
Varis təyin etmək, potensial rəqibin yaranması və bunun nəticəsində şəxsi hakimiyyətinin zəifləməsi riskini daşıyır.
Lakin varis müəyyən etməmək də onun siyasi mirasını təhlükə altına sala və elita içində parçalanma yarada bilər.
72 yaşlı liderin, “özünü sübut etməyə çalışan gənc kadrlar arasından potensial varis axtarmağa məcbur qalacağı” bildirilir.
ABŞ-mərkəzli Asiya Cəmiyyəti Siyasət İnstitutunun (“Asia Society Policy Institute”) eksperti Nil Tomas (Neil Thomas), “Si, öz hakimiyyətini zəiflətmədən varis seçməyin son dərəcə çətin olduğunu yaxşı bilir”, – deyib
Məqalədə qeyd olunur ki, əgər Si Cinpin bu plenumda bəzi gənc məmurları daha yüksək vəzifələrə irəli çəksə, bu, gələcək nəsil liderlər barədə müəyyən siqnal kimi qəbul edilə bilər.
Digər tərəfdən, bir çox siyasi tədqiqatçılar Si Cinpinin dördüncü dönəmində də hakimiyyətdə qalacağını və 2027-ci ildə yeni beşillik dövr başlayana qədər əsas siyasi qərarları təxirə sala biləcəyini düşünürlər.