Qızılın bir unsiyası hazırda 4 090 dollar civarında ticarət olunur — bu, son 12 ilin ən böyük günlük geriləməsi sayılan 6,3 faizlik enişin ardınca qeydə alınıb. Gümüş isə ötən gün 8,7 faiz ucuzlaşıb.
Avqustdan bəri sürətlə artan qiymətlər bu korreksiya ilə kəskin şəkildə dayanıb. ABŞ Federal Ehtiyat Sisteminin (FED) ilin sonuna qədər faiz endirimi gözləntiləri qızılı dəstəkləsə də, bu təsir artıq zəifləyib.
“ABC Refinery” şirkətindən Nikolas Frappell bildirir ki, “böyük oyunçular qazancı reallaşdırmaq qərarına gəlib”.
“Citigroup” strateqləri qiymətlərin həddindən artıq şişdiyini qeyd edərək “al” tövsiyəsini geri çəkib. Bank, qızılın yaxın həftələrdə 4 000 dollar ətrafında sabitləşəcəyini proqnozlaşdırır.
“AT Global Markets”ın analitiki Nik Tvideyl isə xəbərdarlıq edir: “Əgər qiymət 4 000 dolların altına düşərsə, yeni satış dalğası başlaya bilər”.
Gümüş bazarındakı dəyişikliklər daha kəskin olub. London və Nyu-York birjalarındakı sıxlıq və tədarük problemləri qiymətlərdə rekord səviyyəli dalğalanmalara səbəb olub.
Hazırda qızıl 4 091 dollara, gümüş isə 48,53 dollara ticarət olunur. Platin və palladium da geriləməni davam etdirir.