Dünən Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib. Vaxt.AZ-ın məlumatına görə, bu barədə xəbəri hərbi ekspert Ədalət Verdiyev öz “Facebook” səhifəsində paylaşıb.
O bildirib ki, “Uzun bir fasilədən sonra bu gün (oktyabrın 21-i – red.) AZAL təyyarəsi İrəvan hava limanına enib”.
Məlumatlara əsasən, həmin təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşündə iştirak edəcək azərbaycanlı ekspertləri İrəvana aparıb.
Bu barədə “Sputnik Ermənistan” da məlumat yayıb. Nəşrin yazdığına görə, Bakıdan yola düşən xüsusi reys dünən saat təxminən 16:00 radələrində İrəvan hava limanına enib.
Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkənin nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa formatında müzakirələrin keçiriləcəyini açıqlamışdı.
P.S. Bu hadisə Azərbaycanın və Ermənistanın müstəqillik qazanmasından sonra ilk dəfədir baş verir.
çap et