İngiltərədə 65 yaşlı Denise Beykon adlı qadının beyin əməliyyatı zamanı klarnet çalması tibb dünyasında diqqət çəkib. “King’s College London” universitetinin neyrocərrahları tərəfindən aparılan əməliyyat Parkinson xəstəliyinin simptomlarını azaltmaq məqsədi daşıyırdı.2014-cü ildən Parkinson diaqnozu qoyulan, keçmiş nitq terapevti Beykon xəstəliyin təsiri ilə titrəmtə, əzələ sərtliyi və hərəkət çətinliyi yaşayırdı. Sevdiyi musiqi alətini çalmaq belə onun üçün mümkünsüzə çevrilmişdi.
Həkimlər ona dərin beyin stimulyasiyası (DBS) adlı üsul tətbiq etdi – bu metodda beynin hərəkəti idarə edən hissələrinə elektrodlar yerləşdirilərək elektrik siqnalları göndərilir. Əməliyyat lokal anesteziya ilə aparılıb və xəstə bütün proses ərzində oyaq vəziyyətdə olub.
Əməliyyatı aparan professor Keyoumars Aşkan, “Beyinə stimulyasiya verildiyi anda nəticə dərhal göründü. Sağ əlindəki titrəmə azaldı və o, dərhal klarnet çalmağa başladı”, – deyib.
Beyinə yerləşdirilən elektrodlar, sinə nahiyəsinə taxılan ürək batareyasına bənzər cihazla əlaqələndirilib. Cihaz davamlı elektrik impulsları göndərərək sinir fəaliyyətini tənzimləyir və 20 ilə qədər işlək qala bilir.
Denise Beykon əməliyyatdan sonra “Əlimin rahatladığını hiss etdim. İndi yenidən üzmək, rəqs etmək və musiqi ifa etmək üçün səbirsizlənirəm”, – deyib.
Mütəxəssislər bu əməliyyatı Parkinson xəstəliyinə qarşı tətbiq olunan ən uğurlu neyrocərrahi müdaxilələrdən biri kimi qiymətləndirir.
çap et