Vaxt.Az

Ukraynadan Rusiyaya NATO raketləri


 

USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı

Ukraynadan Rusiyaya NATO raketləri Ukrayna Silahlı qüvvələri (USQ) dünən axşam Rusiyanın cənubundakı Bryansk bölgəsində yerləşən və Moskvanın apardığı müharibə üçün kritik hesab etdiyi kimya zavoduna hava hücumu həyata keçirdiyini açıqladı. Hücumda Fransa və Böyük Britaniya birgə istehsalı olan “Storm Shadow” raketlərindən istifadə olunub.

Vaxt.AZ xəbər verir ki, Ukrayna Baş Qərargahı “Telegram” kanalında verdiyi açıqlamada, “Rusiyanın hava müdafiə sistemini dəf edən, havadan buraxılan “Storm Shadow” da daxil olmaqla, müxtəlif silahlardan istifadə edilərək genişmiqyaslı raket və hava hücumu həyata keçirildi. Hücumun nəticələrini qiymətləndiririk”, – yazıb.

Baş Qərargah kimya zavodunu barıt, partlayıcı və raket yanacağı istehsal edən əsas obyekt kimi xarakterizə edib. “Reuters” isə bu xəbəri müstəqil mənbələrdən təsdiq edə bilməyib.

Rusiyanın Müdafiə Nazirliyi “Telegram” kanalında açıqlama verərək, hava hücumundan müdafiə qüvvələrinin dörd saat ərzində Bryansk səmasında 57 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini bildirib. Nazirlik, 2022-ci ilin fevralında başladığı müharibədə Ukraynanın hücumları ilə bağlı nadir hallarda açıqlama yayır.

Bryansk vilayəti qubernatoru Aleksandr Boqomaz isə “Telegram”da bildirib ki, Ukrayna səhər saatlarında bölgəyə PUA və raketlərlə hücum edib. Hücum zamanı zərəçəkən olmayıb və maddi ziyan qeydə alınmayıb.

***

Kiyev Hərbi İdarəsinin rəhbəri Timur Tkaçenko isə açıqlayıb ki, Rusiya bu səhər Ukraynanın paytaxtı Kiyevə hava hücumu həyata keçirib və nəticədə iki nəfər həlak olub. Rəsmi bildirib ki, ölümlərdən ən az biri Dniprovsky bölgəsində binanın 8-ci və 9-cu mərtəbəsində baş verən yanğın zamanı olub.

Digər Ukrayna rəsmiləri də Rusiyanın PUA-larla paytaxtı hədəf aldığını təsdiqləyiblər.

 





22.10.2025    çap et  çap et