İngiltərə və İndoneziya hökumətləri 12 ildir Bali adasında edam hökmünü gözləyən britaniyalı vətəndaş Lindsay Sandifordun vətəninə təhvil veriləcəyi barədə razılığa gəliblər.
68 yaşlı Sandiford 2012-ci ildə Bali hava limanında saxlanılmışdı. Həmi vaxt onun çamadanının astar hissəsində 3,8 kiloqram kokain aşkarlanıb. Narkotikin bazar dəyərinin təxminən 2,1 milyon avro olduğu bildirilmişdi.
Məhkəmə zamanı Sandiford bildirmişdi ki, o, uşaqlarını hədələyən cinayətkar dəstə tərəfindən bu narkotik maddəni daşımağa məcbur edilib. 2013-cü ildə edam cəzasına məhkum edilib və hökm sonradan İndoneziya Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Lakin hökm iki ölkə arasında aparılan danışıqlara görə icra olunmayıb.
Yeni əldə olunan razılaşmaya əsasən, Sandifordla yanaşı, başqa bir britaniyalı məhkum – 35 yaşlı Şahab Şahabadi də İngiltərəyə göndəriləcək. O, 2014-cü ildən İndoneziyada ömürlük həbs cəzası çəkir. Prokurorluğun məlumatına görə, Şahabadi İrandan İndoneziyaya 30 kiloqram metamfetamin göndərən beynəlxalq narkotik şəbəkəsi ilə əlaqədar saxlanılıb.
Sazişə əsasən, məhkumlar cəzalarının qalan hissəsini İngiltərədə çəkəcəklər. Müqavilə İngiltərənin xarici işlər naziri Yvette Kuper və İndoneziyanın ədliyyə naziri Yusril İhza Mahendra tərəfindən imzalanıb.
Nazir Kuper bildirib ki, “Bali adasındakı Britaniya konsulluğunun həkimi tərəfindən müayinə edilən Sandifordun səhhəti ağırdır”.
İndoneziya tərəfi isə Sandifordun insani səbəblərlə azad ediləcəyini və texniki prosedurlar tamamlandıqdan sonra transferin həyata keçiriləcəyini açıqlayıb.
Rəsmi məlumatlara görə, hazırda İndoneziyada əsasən narkotik cinayətlərinə görə 530 nəfər edam hökmünü gözləyir, onların təxminən 100-ü əcnəbidir. Ölkədə son edam 2016-cı ilin iyulunda icra olunub.
çap et