Vaxt.Az

57 milyard dollar


 

Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır

57 milyard dollar Fransanın müdafiə naziri Katrin Votren (Catherine Vautrin) ölkənin yenidən silahlanma prosesini sürətləndirmək məqsədilə yeni hərbi proqram qanununun (LPM) payızın sonunadək təqdim ediləcəyini açıqlayıb.

Yeni hərbi proqram çərçivəsində Fransanın müdafiə büdcəsi 2026-cı ildə 57,1 milyard avroya yüksələcək. Bu, əvvəlki illə müqayisədə 13%-lik artım deməkdir. Bundan əlavə, prezident Emmanuel Makronun tapşırığı ilə 2026-cı il üçün 3,5 milyard, 2027-ci il üçün isə 3 milyard avro əlavə vəsait ayrılacaq.

Votren bildirib ki, bu büdcə 2024–2030-cu illəri əhatə edən hərbi proqram qanununun ilk yeniləmə mərhələsidir: “Prezidentin göstərişi ilə payız bitmədən bu layihəni parlamentə təqdim edəcəyik”.

Nazir qlobal təhlükəsizlik mühitinin dəyişdiyini vurğulayıb: “Artıq yeni bir dövrə daxil olmuşuq. Bu dövrdə həm rəqiblərimiz, həm də müttəfiqlərimiz sürətlə silahlanır. Biz də bu tempə uyğunlaşmalıyıq”.

Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropadakı təhlükəsizlik balansını dəyişib. Paris hakimiyyəti bu kontekstdə hərbi xərcləri artıraraq həm NATO daxilində rolunu gücləndirmək, həm də Avropa müdafiə potensialına liderlik etmək niyyətindədir.

Votren bildirib ki, LPM proqramının yenilənməsi 2030-cu ilə qədər davam edəcək və Fransa uzunmüddətli müdafiə strategiyasını dərin transformasiyaya hazırlayır. Hazırda 413 milyard avro dəyərində olan proqramın maliyyə çərçivəsi yeni resurslarla genişləndiriləcək.

Beləliklə, Fransa növbəti beş ildə ordunun modernləşdirilməsini sürətləndirməyi, müdafiə sənayesinə dəstək verməyi və beynəlxalq təhlükəsizlik reallıqlarına uyğunlaşmağı qarşısına məqsəd qoyur.

 





22.10.2025    çap et  çap et