Vaxt.Az

Çəki, ürək döyüntüsü, qan təzyiqi ...


 

İlk dəfə antidepresantların fiziki yan təsirləri açıqlandı

Çəki, ürək döyüntüsü, qan təzyiqi ... “The Lancet” jurnalında dərc olunan yeni bir araşdırma antidepresant dərmanların bədən çəkisi, ürək döyüntüsü və qan təzyiqinə fərqli təsirlər göstərdiyini ortaya qoyub. Bu nəticə, fərdi, yəni xəstəyə uyğunlaşdırılmış müalicə tələbatını gündəmə gətirib.

Vaxt.AZ xəbər verir ki, araşdırma geniş şəkildə təyin olunan antidepresantların fiziki yan təsirlərini ilk dəfə sistemli şəkildə müqayisə edib.

Tədqiqat “King’s College London” və “Oxford” Universiteti alimləri tərəfindən aparılıb. Onlar 30 fərqli antidepresantın müalicənin ilk 8 həftəsində yaratdığı fiziki dəyişiklikləri araşdırıblar.

Nəticələr göstərib ki, bəzi dərmanlar 8 həftə ərzində 2 kiloqrama qədər çəki fərqinə və dəqiqədə 21 döyüntüyə qədər ritmi dəyişkənliyinə səbəb ola bilər.

Hazırda dünyada milyonlarla insan antidepresant istifadə edir.

“BBC”nin xəbərinə görə isə, öz növündə ilk sayılan bu araşdırma 151 klinik sınağı təhlil edib və ümumilikdə 58 mindən çox pasiyenti əhatə edib.

Tədqiqatın məqsədi müalicənin erkən mərhələlərində müxtəlif antidepresantların fiziki sağlamlığa təsirini müqayisə etmək idi.

Orta nəticələrə əsasən – “agomelatin” qəbul edən pasiyentlər orta hesabla 2,4 kilo arıqlayıb, “Maprotilin” istifadə edənlərdə isə təxminən 2 kilo çəki artımı müşahidə olunub. Eyni zamanda: “Fluvoksamin” ürək döyüntüsünü azaldıb, “Nortriptilin” isə bu göstəricini dəqiqədə 21 döyüntü artırıb.

“Nortriptilin” ilə “Doksepin” arasında qan təzyiqi fərqi 11 millimetr civə səviyyəsində olub.

“King’s College London”dan doktor Atişaan Arumuham bildirib ki, bu fiziki dəyişikliklər ürək-damar xəstəlikləri və insult riskini klinik baxımdan əhəmiyyətli səviyyədə artıra bilər.

Araşdırma həmçinin göstərib ki, eyni diaqnozlu fərqli pasiyentlər müxtəlif antidepresantlardan fərqli dərəcədə fayda görə bilər.

Məsələn, çəki artımından qaçmaq istəyən 32 yaşlı qadın, yüksək təzyiqi olan 44 yaşlı kişi və ya xolesterini yüksək 56 yaşlı qadın üçün fərqli dərman seçimləri daha uyğun ola bilər.

Araşdırma qrupunun üzvü doktor Tobi Pillinger “BBC”yə deyib ki, “Təhlil etdiyimiz tədqiqatların əksəriyyəti cəmi səkkiz həftəlik idi. Lakin bu qədər qısa müddətdə belə fiziki göstəricilərdə klinik baxımdan mühüm dəyişikliklər müşahidə etdik”.

Pillinger həmçinin vurğulayıb ki, pasiyentlər həkimlə məsləhətləşmədən dərmanlarını dayandırmamalıdırlar: “Biz insanları qorxutmaq istəmirik. Məqsədimiz məlumatlı qərar vermələrinə və müalicəni həkimlə birlikdə planlaşdırmalarına kömək etməkdir”.

 





22.10.2025    çap et  çap et