Rubenin bu addımı Avraam Bermanı şoka salsa da, lakin bizim məhkəmə hakimlərini və dövlət ittihamçılarını əsla təəccübləndirmədi. Çünki onlar çox gözəl bilirdilər ki, bu da erməni milyarderin növbəti şousu və hiyləgər planıdır.
Məsələ burasındadır ki, Ruben Vardanyanı artıq dünyada da və elə Ermənistanın özündə də demək olar ki, tamamilə unudublar. İndi onların gündəmini Vardanyanın taleyindən də daha önəmli məsələlər zəbt edib. Vardanyanın “xaç atası” olmuş Rusiya prezidenti Vladimir Putin isə Kremlin “çirkli pul”larını yumaqla məşğul olan bu avantürist ermənini, ümumiyyətlə, lap “dəfn edib”.
Odur ki, Ruben Vardanyan yenidən köhnə havadarlarının və Ermənistandakı “fanat”larının diqqətlərini öz üzərinə cəlb etmək üçün belə bir hiyləgər üsula əl atıb.
Bu addım həm də məhkəmə prosesinin süni surətdə uzadılmasına xidmət edir. Çünki Ruben Vardanyan məhkəmənin bitməsini və ömürlük həbsə göndərilməsini istəmir. O, hələ də dünyada geosiyasi reallıqların dəyişəcəyinə və Azərbaycana təsir göstərən, onun həbsdən azad edilməsinə nail ola bilən güclərin və ya liderlərin tapılacağına ümid bəsləyir.
Lakin Vardanyan nəhayət bir gün başa düşəcək ki, ümid həqiqətən də sonda ölür (və yaxud, sonuncu ölən ümidlərdir).
Bakıda davam edən məhkəmə Vardanyan üçün yolun sonudur. Ona görə də bu epizodda ümidə yer yoxdur.
Separatçı milyarder boşuna ümidlənməsin!