Vaxt.Az

Oğrular tacı əllərindən salıblar


 

Luvr qarətinin təfərrüatı

Oğrular tacı əllərindən salıblar Oktyabrın 19-u səhəri bir qrup naməlum şəxs Luvr muzeyində qarət törədib. Cinayətkarlar doqquz ədəd qiymətli əşyanı oğurlayıb qaçmağa müvəffəq olublar. Amma oğurlanan artefaktlar içərisində bəlkə ən qiymətlisini – III Napoleonun arvadı Yevgeniyanın tacını yerə salaraq itiriblər.

Vaxt.AZ “Le Parisien”ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 9:30 radələrində, muzeyin açılmasından az sonra baş verib. Qəzetin məlumatına görə, dörd cinayətkar Sena çayı tərəfdən iki “Tmax” skuterində Luvra yaxınlaşıb. Hazırda həmin ərazidə tikinti işləri aparıldığından, onlar avtoqaldırıcıdan istifadə edərək pəncərələrdən birinə qalxıblar, onu daşyonan maşınlarla sındıraraq Apollon qalereyasına daxil olublar – burada Fransa monarxlarına aid zinət əşyaları saxlanılır.

“Le Parisien” yazır ki, quldurlar Fransa imperatorlarına məxsus doqquz əşyanı – bir bəzək dəsti, serviz, boyunbağı, sırğalar, iki tac və bir broş aparmağa müvəffəq olublar. Rəsmilər hələlik oğurlananların siyahısını və dəyərini açıqlamayıb. Mədəniyyət naziri Rəşidə Dati isə oğurlananları “qiymətsiz” adlandırıb.

Hadisə zamanı xəsarət alan olmayıb. “Videoyazılara baxdıq: onlar insanlara hücum etmirlər, dörd dəqiqə ərzində sakit şəkildə içəri girir, vitrinləri sındırır, oğurladıqlarını götürür və gedirlər. Heç bir zorakılıq yoxdur, çox peşəkar şəkildə hərəkət ediblər”, – deyə Dati bildirib.

Qarətdən qısa müddət sonra Luvr yaxınlığında oğrulanan əşyalardan biri – imperatriçə Yevgeniyanın tacı tapılıb. 1855-ci il Ümumdünya sərgisi üçün hazırlanmış bu tacda 1354 brilyant və 56 zümrüd var. Rəşidə Dati bildirib ki, bu qiymətli əşya “sınıb”, lakin əlavə təfərrüat söyləməyib. Nazirə görə, görünür, cinayətkarlar qaçarkən tacı yerə salıblar.

Bundan bir neçə saat sonra “Le Parisien” daha bir oğurlanmış əşyanın tapıldığını xəbər verib. Lakin həmin əşyanın nə olduğu hələlik məlum deyil, hakimiyyət ikinci tapıntını rəsmən təsdiqləməyib.

Luvrda uzun illər işləyən bələdçi “Le Parisien”ə deyib ki, Yevgeniyanın tacı Apollon qalereyasında pəncərəyə ən yaxın vitrində idi – boyunbağı və tiara isə ikinci vitrində saxlanılırdı. Üçüncü vitrində də dünyaca məşhur və ən iri brilyantlardan biri olan Regent almazı yerləşirdi. Görünür, quldurlar həmin vitrindən heç nə götürməyə macal tapmayıblar.

Daha sonra daxili işlər naziri Loran Nünyes bildirib ki, bütün qarət cəmi yeddi dəqiqə davam edib. “Le Parisien”in məlumatına görə, polis hadisə yerində daşyonan alətlər, ülgüc lampası, benzin, əlcəklər, rabitə cihazı, ədyal və sarı işçi jileti aşkar edib – bu jiletlərdən cinayətkarlar özlərini tikinti işçiləri kimi göstərmək üçün istifadə ediblər.

“Reuters” xatırladır ki, 2025-ci ilin əvvəlində Luvr rəhbərliyi sərgi zallarının yenilənməsi və incəsənət əsərlərinin daha etibarlı qorunması üçün Fransa hökumətindən təcili yardım istəmişdi. Nazir Rəşidə Dati isə qeyd edib ki, muzeylərin təhlükəsizliyi məsələsi Fransa üçün yeni deyil: “Son 40 il ərzində böyük muzeylərin təhlükəsizliyinə az diqqət yetirilib. İki il əvvəl Luvrun prezidenti polis prefektindən təhlükəsizlik sisteminin yoxlanılmasını xahiş etmişdi. Niyə? Çünki muzeylər yeni cinayət formalarına uyğunlaşmağa məcburdur”, — deyə o vurğulayıb.

 





22.10.2025    çap et  çap et