Vaxt.AZ Günaz.TV-yə istinadən xəbər verir ki, videoların yayılmasından sonra Şəmxani verdiyi bəyanatda həm də yumşaq tonla rəqibləri təhdid edib və sistemin çökəcəyi təqdirdə hamısının məhv olacağına diqqət çəkib: “Biz hamımz bir gəmidəyik və Allah eləməsin düşmənlər bu gəmiyə xəsarət yetirsələr hamımız problem yaşayacayıq”.
Düşmənlərin hakimiyyət daxilində ixtilaf yaratmaq üçün bəhanə axtardığını deyən Şəmxani, hamını Əli Xameneyinin ətrafında birləşməyə çağırıb: “Məsləhət görürəm ki, hamı rəhbərin ətrafında birləşsin, çünki düşmən hər birimizi ələ keçirmək və ölkənin təməlini sarsıtmaq istəyir”.
Əli Xameneyinin Ali Müdafiə Şurasındakı nümayəndəsi, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və İran Məsləhət Şurasının üzvü Əli Şəmxaninin bu bəyanatı hakimiyyətdaxili çatın üzdə görünəndən daha dərin olmasından xəbər verir.
Onun qızının toy mərasiminin ötən ilin aprelində Tehranın “Spinas Palace” otelində keçirilməsinə baxmayaraq, videonun indi yayılması, İsrailin hücumundan sonra Əli Xameneyinin nüfuzunun kəskin azalması ilə əlaqəlidir.
Görünür ki, bu günə kimi İran rəhbərindən çəkinən rəqib siyasətçi və komandalar onun imicinin zədələnməsindən sonra özlərini daha arxayın aparmağa başlayıblar.
Bundan əvvəl hakimiyyət daxilindəki qarşıdurma və rəqabətləri açıq şəkildə büruzə verməyə çəkinən qüvvələr indi bunu açıq şəkildə edir, Əli Xameneyidən sonrakı dövrdə hakimiyyəti ələ almaq üçün alternativ komandaları sıradan çıxarmağa çalışırlar.