“Brent” markalı neftin qiyməti 3%-ə qədər artaraq bir barel üçün 64 dollardan yuxarı qalxıb, ABŞ-ın “WTI” markalı xam nefti isə 60 dollara yaxınlaşıb. Qiymətlərdəki bu yüksəliş, Vaşinqtonun dövlət nəzarətində olan enerji nəhəngi “Rosneft” və özəl istehsalçı “Lukoil” şirkətlərini qara siyahıya salmasından sonra müşahidə olunub. ABŞ hökuməti qərarı Moskvanın “sülhə maraq göstərməməsi” ilə əsaslandırıb. Sənaye mənbələrinin məlumatına görə, sanksiyalardan sonra Rusiyanın Hindistandakı iri neft emalı zavodlarına tədarükü demək olar ki, dayanacaq.
Yeni sanksiyalar Tramp administrasiyası üçün geri dönüş kimi qiymətləndirilir. Çünki ABŞ Prezidenti ötən həftə Putinə yaxın vaxtlarda görüş təklifi göndərdiyini və Rusiyanın müharibəni dayandırmaq istədiyinə inandığını dəfələrlə bildirmişdi. Lakin Tramp çərşənbə axşamı bəyan edib ki, “mənasız bir görüş” keçirmək istəmir.
“Niderlandın ING Qrupu”nun əmtəə strategiyası direktoru Uorren Patterson bildirib ki, “bu sanksiyalar Trampın Rusiyaya münasibətində dəyişikliyin başlanğıcıdır və gələcəkdə daha sərt addımların atılmasına yol aça bilər. Bu da nəticə etibarilə Rusiyanın neft ixracına təsir göstərə bilər”. Onun sözlərinə görə, əsas sual bu məhdudiyyətlərin nə dərəcədə təsirli olacağı və ixracata real mənada nə qədər zərər vuracağıdır.
Tramp həmçinin açıqlayıb ki, gələn həftə Cənubi Koreyada keçiriləcək görüş çərçivəsində Çin Prezidenti Si Cinpinlə bir araya gələrək Pekinin Rusiyadan neft alışı məsələsini müzakirə edəcək. ABŞ lideri əlavə edib ki, Hindistanın Baş naziri Narendra Modi ona ölkəsinin Rusiya neftindən asılılığını azaldacağına dair zəmanət verib.