Vaxt.Az

Qızıl geri çəkilir


 

Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir

Qızıl geri çəkilir Qızıl, rekord səviyyələrə çatdıqdan sonra bazarın “həddən artıq qızması” ilə bağlı narahatlıqlar fonunda ucuzlaşmasını davam etdirərək bir unsiya üçün 4 min dollara yaxınlaşıb.

Spot qızıl bu gün səhər təxminən 0,5% dəyər itirib. Qiymətlərin texniki korreksiyasına, birja investisiya fondlarından (ETF) çıxan sərmayəçilərin satış təzyiqi də əlavə olunub. “Bloomberg” məlumatına görə, dünən qızıl dəstəkləyən ETF-lərdən baş verən tək günlük vəsait çıxışı son beş ayın ən böyük göstəricisi olub.

İnvestorlar təhlükəsiz liman aktivlərinə tələbi artıran geosiyasi gərginlikləri azalda biləcək ABŞ–Çin ticarət razılaşması ehtimalını da qiymətləndirirlər. Dəyərli metal son iki sessiyada təxminən 6% ucuzlaşıb.

“Vantage Global Prime” broker şirkətinin analitiki Hebe Çen (Hebe Chen) bildirib ki, “uzunmüddətli kəskin artımdan sonra qızıl gərilmiş rezin kimi davranır – indi isə sürətlə geri çəkilir. Qiymətlərin 4 min dolların üzərində qalması bazarın fundamental zəifləməsindən çox, texniki düzəlişlə izah olunur. Təhlükəsiz limanlara maraq və pul dəyərinin azalması mövzusunda əməliyyatlar hələ də güclü şəkildə davam edir”.

Buna baxmayaraq, qızıl ilin əvvəlindən bəri hələ də təxminən 55% artımda qalır. Son həftələrdə ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən ilin sonuna qədər ən azı 0,25 bənd faiz endirimi ediləcəyi gözləntiləri də qiymətləri dəstəkləyib.

Dünyanın ən iri iki iqtisadiyyatı olan ABŞ və Çin arasında son aylarda yenidən artan gərginlik fonunda tərəflər arasındakı danışıqlarda mümkün irəliləyiş siqnalları diqqətlə izlənilir. ABŞ Prezidenti Donald Tramp iki gün qabaq bəyan etdi ki, Çin lideri Si Cinpinlə yaxın vaxtlarda baş tutacaq görüşün yaxşı bir ticarət razılaşması ilə nəticələnəcəyini gözləyir, lakin görüşün baş tutmaya biləcəyini də etiraf etdi.

Sinqapur vaxtı ilə səhər saat 06:35-ə olan məlumata əsasən, qızılın qiyməti bir unsiya üçün 4 083 dollara qədər geriləyib. “Bloomberg Dollar Spot” İndeksi cüzi artıb. Gümüş son iki sessiyada 7,6% dəyər itirdikdən sonra enişini davam etdirib. Palladium və platin də ucuzlaşıb.

 





23.10.2025    çap et  çap et