Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1425 manat (5 nəfər X 285 manat) ehtiyac meyarı, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 525 manat (1425 manat – 900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 525 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1500 manata yüksəlir (5 nəfər X 300 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 525 manat deyil, 600 manat (1500 manat – 900 manat) olur.
Hazırda 80 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq.