Vaxt.Az

Canlı yayım rejimin canını sıxıb


 

“Traktor”un oyununun nümayişi fars-molla hakimiyyətini narahat edib

Canlı yayım rejimin canını sıxıb Azərbaycan Respublikasının “İdmanTV” televizya kanalının Təbrizin “Traktor” komandasının oyunlarını canlı yayımlaması Güney Azərbaycan və İranda yaşayan azərbaycanlıların rəğbəti ilə qarşılaşsa da, bəzi dairələrin narahatlığna səbəb olub.

Vaxt.AZ Gunaz.TV-yə istinadən xəbər verir ki, bununla bağlı İran sosial media şəbəkəsində paylaşımlar edilib.

Narazılar bunu Azərbaycan Respublikasının İranda yaşayan azərbaycanlılara təsir vasitəsi olduğunu iddia edib, İran komandasının oyunlarının başqa dildə şərhindən narahatlıqlarını bildiriblər.

Onların fikrincə, bu, İranda Azərbaycan dilinin təsirinin və bu dilə marağın artmasına, İranda yaşayan azərbaycanlılar arasında İranın rəsmi dövlət dilini nüfuzunun azalmasına səbəb olur.

Bu paylaşımlardan sonra “Traktor” komandasının tərəfdarları narazılara cavab olaraq videolar paylaşıb, İran kanallarının Təbriz təmsilçisinin qarşılaşmalarını, xüsusən qələbələrini sönük işıqlandırdığını bildiriblər.

Qeyd edək ki, son həftələr “İdmanTV”nin “Traktor”un oyunlarını canlı yayması azərbaycanlıların əksəriyyətinin Təbriz təmsilçisinin oyunlarını İran kanallarından deyil, Azərbaycan kanalından izləməsinə səbəb olub.

Bu həm də Şərqi Azərbaycan əyalətinin Səhənd və İranın “Vərzeş 3” kanallarının izləyicilərinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

Bununla eyni vaxtda azərbaycanlı sosial media fəalları və “Traktor” azarkeşləri “İdmanTV”nin “Traktor”un oyunlarından verdiyi şərhlərdən videolar yayaraq bunu İran kanallarının aparıcıları və idman şərhçilərinin çıxışları ilə müqayisə ediblər.

Onların müqayisəli videolardan çıxardıqları nəticəyə görə, “İdmanTV” kanalı yarışları daha yaxşı şərh edir, Azərbaycan dilində olan şərhlər daha keyfiyyətli olur və “Traktor”çuların ana dillərində təqdim edilən oyunlar azarkeşlərin rəğbətini qazanır.

 





23.10.2025    çap et  çap et