Ukrayna ordusu üçün İsveçin “Gripen” qırıcıları prioritet sayılır. İlk partiya artıq gələn il baş tuta bilər. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski dünən (22 oktyabr) İsveçə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, çərçivə sazişini tam məzmuna doldurmaq və ilk təyyarələrin 2026-cı ildə təhvil verilməsi üçün mümkün olan hər şeyi etmək lazımdır. Ukrayna artıq “Gripen” təyyarələri üçün pilotlar hazırlayır.
Prezident xatırladıb ki, Ukrayna artıq yalnız sovet istehsalı təyyarələrdən istifadə etmir. Hazırda ABŞ istehsalı “F-16” və Fransanın “Dassault Aviation” şirkətinin istehsalı olan “Mirage” və “Rafale” təyyarələri də var.
“Əgər hava donanmasına strateji baxışla yanaşsaq, biz üç platformanı görürük – “Gripen”, “F-16” və “Rafale”. Mən bütün detalları açıqlamaq istəmirəm, lakin ordumuz üçün “Gripen” prioritetdir. Buna görə də biz onu seçdik. Bu, maliyyə, manevr qabiliyyəti və istifadənin səmərəliliyi ilə bağlı məsələdir”, – deyə Zelenski əlavə edib və “Gripen” qırıcılarını dünyanın ən yaxşılarından biri adlandırıb.
Öz növbəsində, İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, Ukraynanın almaq istədiyi yeni nəsil “Gripen” qırıcılarının istehsalına yeni başlanılıb: “Ona görə də biz təxminən üç ildən danışırıq – bu, təslimatlara başlaya biləcəyimiz dövrdür. Biz 150 təyyarənin hamısını bir partiyada verə bilmərik. Növbəti üç il ərzində mərhələli təslimatlar mümkün olacaq”.
Xatırladaq ki, dünən Zelenski və Kristersson Ukraynanın İsveçdən ən müasir “Gripen E” modifikasiyasından olan 150-dək qırıcı almaq niyyəti ilə bağlı məktub imzalayıblar.
“Saab JAS 39 Gripen” (Qrifon) – dördüncü nəsil çoxməqsədli qırıcı təyyarədir və universallığı nəzərə alınaraq hazırlanıb. JAS Jakt, Attack, Spaning – İsveç dilində Qırıcı, Hücum, və Kəşfiyyat sözlərinin qısaltmasıdır. Bu təyyarələr hazırda İsveç, Macarıstan, Çexiya, Birləşmiş Krallıq, Braziliya, Tailand və Cənubi Afrika Respublikasının Hərbi Hava Qüvvələri donanmasında yer alır. İndiyədək bu təyyarədən cəmi 264 ədəd istehsal olunub.