Vaxt.Az

Oğruların qaçış anı ortaya çıxdı


 

Luvrun direktoru danışdı: “Muzeylər qala deyillər”

Oğruların qaçış anı ortaya çıxdı Parisdəki dünyaca məşhur Luvr Muzeyində 88 milyon avro dəyərində zərgərlik əşyalarının oğurlandığı hadisənin qaçış görüntüləri üzə çıxıb. Sosial mediada yayımlanan kadrlarda, üzərində işçi jileti olan bir şəxsin muzeydəki vitrinlərə və zərgərlik əşyalarına çox yaxın olduğu görünür. Digər bir görüntüdə isə üzləri örtülü iki oğrunun yük liftindən sürətlə endikləri və motosikletlə hadisə yerindən uzaqlaşdıqları göstərilib.

Paris Prokurorluğu araşdırmanın davam etdiyini və oğurlanan 9 zərgərlik əşyanın hələ tapılmadığını açıqlayıb.

Hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min əsərin sərgiləndiyi Luvr Muzeyinə oktyabrın 19-da səhər saatlarında gələn 4 oğru, binanın xaricindəki bir yük liftindən istifadə edərək pəncərəni qırıb, Krallıq zərgərliklərinin sərgiləndiyi Apollo Qalereyasına daxil olub.

Oğrular 9 əsəri oğurlayıb, qaçarkən isə 3-cü Napoleonun həyat yoldaşı İmperatriçə Yevgeniyaya aid tacı əllərindən salıblar. Tac zədələnmiş halda muzeyin yaxınlığında tapılıb. Daha sonra oğrular motosikletlə hadisə yerindən uzaqlaşıblar.

Paris Prokuroru Laura Bekkau bildirib ki, muzey rəsmiləri oğurlanan zərgərliklərin dəyərini təxminən 88 milyon avro qiymətləndirir. Lakin oğrular əşyaları əridərsə, bu məbləği əldə edə bilməyəcəklər.

Bekkau həmçinin 4 nəfərin soyğuna bağlı olduğunu təsdiqləyərək, hadisə yerində tapılan barmaq izlərinin araşdırıldığını açıqlayıb.

Luvr Muzeyinin direktoru Lorens des Kars, Senatın Mədəniyyət Komissiyasına verdiyi ifadəsində, “Böyük bir uğursuzluq yaşadıq və bunun məsuliyyətini qəbul edirəm” deyərək, muzeydə daimi polis bölməsinin yaradılmasını təklif edib? “Bazar günü, muzey peşəkarlarının ən çox qorxduğu şey baş verdi. Qoruduğumuz əsərlər oğurlandı. Bu, bizim üçün böyük bir ağrıdır”.

2021-ci ilin mayında Luvr tarixində ilk qadın rəhbər olaraq vəzifəyə gələn des Kars, hadisənin təhlükəsizlik protokollarına baxmayaraq baş verməsini qarşısı alınabiləcək bir uğursuzluq olaraq qiymətləndirib: “Muzeylər qala deyillər. Onlar təbiətcə açıq məkanlardır. Lakin bu, təhlükəsizlik boşluqlarını görməmək anlamına gəlmir”.

 





23.10.2025    çap et  çap et