Onlar bu məqsədlə yaxın vaxtlarda Macarıstanın paytaxtı Budapeştdə görüşməyi planlaşdırırdılar. ABŞ-ın işbaz prezidenti Donald Trampın Rusiyanın işğalçı lideri Vladimir Putinlə Budapeştdə görüşü Ukrayna üçün həqiqətən də “olum, ya ölüm” görüşünə çevrilə bilərdi.
Putin bu görüşün nəticəsi olaraq Ukraynanın bütün Donbas bölgəsinin Rusiyaya verilməsi şərtini irəli sürmüşdü. Tramp da öz maraqlarından ötrü Ukrayna tərəfini belə bir ağır güzəştə məcbur etmək istəyirdi.
Ancaq Ukrayna prezidenti Vladimir Zelenski isə Avropa Birliyi (AB) Şurasının iclası öncəsi jurnalistlərə açıqlamasında bildirdi ki, “heç bir ərazi güzəşti olmayacaq. Ukraynanın suverenliyi və ərazi bütövlüyü danışıqlar mövzusu deyil”.
Zelenskinin bu cür qəti mövqeyi və Avropanın sıx dəstəyi Tramp-Putin görüşünün baş tutmamasında həlledici rol oynadı. Xüsusən də AB və Böyük Britaniya Tramp-Putin görüşünün təxirə salınması üçün əllərindən gələni etdilər.
Putinin həddindən artıq iştahalı davranması və mümkün qədər çox ərazi tutmaq istəyi də Budapeşt görüşünün pozulmasında ciddi rol oynayıb.
Nəticə etibarilə Tramp nəhayət başa düşdü ki, ruslar müharibəni bitirmək üçün razılığa gəlmək istəmirlər, ona görə də Tramp-Putin görüşünün keçirilməsinin mənası yoxdur.
Beləliklə, Tramp növbəti dəfə Putinin tərsliyinə, barışmazlığına görə məyus olub və onun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarına zəmin yaradıb.
Ancaq Trampın bu qərarına arxayın olmaq olmaz. Çünki Tramp avantürist və dəyişkən xarakterli adamdır. O, öz məqsədlərinə nail olmaq üçün cürbəcür taktiki oyunlar qurur, çevik gedişlər edir, qarşı tərəfi sıxmaq və güzəştə məcbur etmək üçün müxtəlif təzyiq metodlarından (xüsusən də tariflərin artırılması metodundan və sanksiyalardan) və ya şirnikləndirmələrdən istifadə edir. Məqsədinə çatdıqdan sonra isə yenidən “yumşaq güc” diplomatiyasına keçir. Bu mənada Trampın bir müddətdən sonra yenidən Putinin nazıyla oynadığını görsək, buna əsla təəccüblənməməliyik.
Nə etməli, bu iki neoimperialist sövdəgər hazırkı beynəlxalq münasibətləri, bax, bu cür açıq-aşkar “ticarət” müstəvisinə keçirib.
P.S. Vaxtilə ABŞ-Rusiya-Fransa “üçlüyü” bizim Qarabağı da eynilə bax bu formada “ticarət” predmetinə çevirmişdilər. Lakin sövdələri, planları baş tutmadı. Ümid edək ki, Ukrayna da bu sövdəgər neoimperialistləri, müstəmləkəçiləri yanıltmağı bacaracaq.