Vaxt.Az

Ukraynalı uşaqlar qaytarılmalıdır


 

Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək

Ukraynalı uşaqlar qaytarılmalıdır ABŞ Senatının Xarici Əlaqələr Komitəsi oktyabrın 22-də senator Lindsi Qrahamın açıqlamasına görə, Rusiya işğal olunmuş ərazilərdən qaçırdığı minlərlə ukraynalı uşağı geri qaytarmadığı təqdirdə onu rəsmi şəkildə “terrorizmin dövlət sponsoru” kimi tanıyacaq iki partiyalı qanun layihəsini təsdiqləyib.

Vaxt.az xəbər verir ki, senator Qrahamın həmkarları Riçard Blumenthal, Keyti Britt və Emi Klobuşar ilə birlikdə təqdim etdiyi “Rusiyanın Federasiyasının Terrorizmin Dövlət Sponsoru kimi Tanınması Haqqında Qanun” (S. 2978) adlı sənədin məqsədi Rusiyaya qarşı maksimum təzyiq göstərmək, Ukraynada sülhü təmin etmək və Rusiya qüvvələri tərəfindən zorla aparılmış 19.000-dən çox ukraynalı uşağın təhlükəsiz şəkildə geri qaytarılmasına nail olmaqdır.

Qraham bəyanatında, “Mən çox məmnunam ki, Senatın Xarici Əlaqələr Komitəsi mənim qanun layihəmi yekdilliklə təsdiqlədi... Bu qanun layihəsi Rusiyanı ABŞ qanunvericiliyinə əsasən, işğal olunmuş ərazilərdən qaçırdığı təxminən 20.000 ukraynalı uşağı geri qaytarmadığı halda, terrorizmin dövlət sponsoru kimi tanıyacaq”, – deyib.

“Putinin Rusiyası tərəfindən həyata keçirilən bu uşaqların qaçırılması, İkinci Dünya Müharibəsindən bəri baş vermiş ən dəhşətli hadisələrdən biridir”.

Əgər qanun layihəsi Konqresdən keçərsə, ABŞ-ın dövlət katibi Marko Rubio 60 gün ərzində qanunvericilərə uşaqların təhlükəsiz şəkildə geri qaytarılıb-qaytarılmadığını təsdiqləyən bir hesabat təqdim etməlidir.

Rusiya bunu etməsə, dövlət katibi qanunla Rusiyanı terrorizmin dövlət sponsoru olan ölkələrin siyahısına daxil etməyə borclu olacaq. Hazırda bu siyahıda İran, Şimali Koreya, Kuba, Sudan və Liviya yer alır.

Qraham qeyd edib ki, bu addım Moskva üçün dərin iqtisadi və diplomatik nəticələrə səbəb olacaq: “Rusiyanı terrorizmin dövlət sponsoru kimi tanımaq onun iqtisadiyyatı üçün dağıdıcı olacaq. Əgər bu qaçırılmış uşaqlar evlərinə qaytarılmazsa, bu, Putinin davranışına görə qaçılmaz bir nəticədir”.

Qanun layihəsinə edilən düzəlişlərə əsasən, Rusiya “terrorizmin dövlət sponsoru” siyahısından çıxmaq üçün mülki infrastruktura qarşı hücumları dayandırmalı və siyasi hədəflərə qarşı sui-qəsd cəhdlərini sonlandırmalıdır.

Qraham bu qanun layihəsini məsuliyyətin təmin edilməsi istiqamətində mühüm addım adlandıraraq bildirib ki, dünya Kremlə “uşaqları qaçırmaq, şəhərləri bombalamaq və mülki şəxsləri cəzasız şəkildə öldürmək” imkanı verməməlidir.

Bundan əvvəl Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova verdiyi bir müsahibədə işğal olunmuş Ukraynanın Mariupol şəhərindən 15 yaşlı yetim Pilip adlı uşağı Rusiyaya apardığını etiraf etmişdi. Anasını 10 yaşında itirmiş Pilip Rusiyaya qarşı güclü nifrət hissi bəslədiyini və orada yaşamaq istəmədiyini bildirmişdi.

 





23.10.2025    çap et  çap et