Vaxt.Az

Bundan sonra isə sülh prosesidir


 

Bir çox tarixi faciələrdə rusun adını pozub ...

Bundan sonra isə sülh prosesidir Nə zaman Ermənistan–Azərbaycan normallaşma prosesi ilə bağlı xəbər yayımlanır, altına dərhal bir dəstə adam yazır: “Bəs şəhidlərimiz?”

Ordunun qarşısındakı məqsəd BMT tərəfindən tanınan bütün Azərbaycan torpaqlarını işğaldan azad etmək idi. Məqsəd yerinə yetirildi. Bundan sonra isə sülh prosesidir.

Bir neçə il Rusiyada yaşamışam, heç vaxt erməni ilə azərbaycanlı arasında düşmənçilik görməmişəm. Bir-birinin kafelərinə gedir, bir-birindən alış-veriş edirlər.

İnsan tarixində heç vaxt savaşmamış, həmişə sülh içində yaşamış qonşu qeydə alınmayıb. Ötənlə barışmamaq, yüz ilin kinini saxlamaq barbarlıqdır. Ərəb və fars dünyasında 1400 illik düşmənçilik nümunələri var, başlarına gələn müsibətlər ortadadır.

Azərbaycanda Rusiyanın törətdiyi qırğınların sayı hesablanmaz. Balakən, Quba, Şəki, Lənkəran, Şamaxı, Bakı soyqırımlar, dəhşətli hadisələr olub. 1920 Gəncə soyqırımında şəhərin 40 faizi məhv edilib. Lenin terroru, sonra Stalin repressiyaları, bizimlə birbaşa əlaqəsi olmayan II Dünya müharibəsindəki yüz minlərlə itki, unudulmayacaq faciələrdir.

Amma buna baxmayaraq rus qızı ilə evlənmək, Rusiyada çörək qazanmaq normal sayılır. Niyə? Çünki bu soyqırımlar barədə geniş propaqanda aparılmayıb. Erməni siyasətçiləri və tarixçiləri işğallarını əsaslandırmaq üçün xalqın zehninə türk düşmənçiliyi fikrini yeridiblər. Biz isə işğala məruz qalmış torpaqlarımızı unutmamaq üçün erməni düşmənçiliyini qabartmışıq. Bir çox tarixi faciələrdə rusun adını pozub yerinə erməni yazmışıq.

Bir də müşahidə etmişəm ki, yerli-yersiz belə şərhləri yazanların profillərinə baxanda ya “qaqa” ruhu, ya da İran təsirləri sezilir. Sərhədlər açılsa, ticarət başlayarsa, xeyir-dua üçün ilk qaçanlar da məhz onlardan olacaq.

 





23.10.2025    çap et  çap et