Son aylarda Azərbaycana qarşı regiondakı bəzi mərkəzlər tərəfindən aparılan informasiya hücumlarının davam etməsi müşahidə olunur. Bu hücumlarda istiqamətlərdən biri də milli ideoloji dayaqların sarsıdılması istiqamətində cəmlənib. Lakin bu təbliğat cəhdləri Azərbaycan xalqının dövlətinə və liderlərinə olan etimadını sarsıda bilmir, bilməyəcək.
Ələlxüsus 3 qonşu dövlət daxilindəki müəyyən qruplar tərəfindən aparılan informasiya təbliğatında müxtəlif istiqamətlər üzrə ictimai rəyi çaşdırmaq və aldatmaq müşahidə edilməkdədir.
Xarici siyasətlə bağlı təxribatlar:
Nümunə kimi, son 2 ildəki Qəzza ətrafında baş verənlər fonunda Azərbaycanı Qərbin təsirində olan ölkə kimi təqdim etməkdədirlər. Hətta 2 müsəlman dövlətindəki antiAzərbaycan qüvvələr İsrailin də adını çəkməkdədirlər. Əslində, bu iddialar yalnız Azərbaycanın müstəqil qərarvermə modelinə və suveren xarici siyasətinə qarşı yönəlmiş təzyiq vasitələridir. İrandakı bəzi qruplar timsalında şəxslər unudur ki, Azərbaycan heç bir gücün peyki deyil — əksinə, regionda müstəqil qərar verən, tarazlaşdırılmış siyasət yürüdən azsaylı dövlətlərdəndir.
Tarixi şəxsiyyətlərlə bağlı manipulyasiya:
Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər – siyasi sabitlik, iqtisadi dirçəliş, ordu quruculuğu və diplomatik uğurlar – aparılan sistemli siyasət fəlsəfəsinin nümunəsidir. Xarici informasiya mərkəzləri, bu uğurları sarsıtmaq üçün milli liderlərin nüfuzuna xələl gətirməyə, tarixi şəxsiyyətlərə qarşı etimadsızlıq yaratmağa cəhd göstərirlər.
Bu, klassik psixoloji təsir metodudur: xalqın liderinə inamını sarsıtmaq, nəticədə dövlətin dayaqlarını zəiflətmək. Orta əsrlərdən indiyə qədərki tarixi şəxsiyyətlərə mənfi münasibətin formalaşdırılması onilliklərdir ki, müşahidə olunub. Son zamanlar yenidən müşahidə edilməkdədir. Lakin Azərbaycan cəmiyyəti bu manipulyasiyaları görür və dövlətçilik ideallarına sadiqliyini qoruyur.
İslam daxilində siyasi mərkəzlərin fəaliyyəti:
Son 30 il ərzində radikal təfəkkürlərin yayılması və iki dini cərəyanı bir - birinə qarşı qoymaq xarici mərkəzlər tərəfindən müşahidə olunmaqdadır. İndiki halda, bu, səssiz şəbəkəni genişləndirmək ilə müşahidə olunur. Lakin, etdikləri əbəsdir. Hər şey nəzarətdədir və kanallar məlumdur. Azərbaycanda dini model aşağıdakı kimi olmalıdır və hər zaman da belə olub – insanlıq, mərhəmət, ədalət və mənəvi təmizlik prinsipləri. Bu dəyərlər əsrlər boyu Azərbaycan torpaqlarında yaşayıb və bu gün də Qarabağda, Naxçıvanda, Bakıda, Gəncədə, Lənkəranda, Qusarda öz təzahürünü tapmaqdadır.
Gənc nəslin beyinlərinin yuyulmasına cəhdlər:
Müasir dövrdə informasiya müharibələrinin əsas hədəfi gənc nəsildir. Xarici qüvvələr sosial şəbəkələr, dini-siyasi platformalar və saxta xəbər kanalları vasitəsilə gəncləri yanlış ideoloji təsir altına salmağa çalışırlar. Lakin Azərbaycan dövlətinin təhsil, informasiya təhlükəsizliyi və milli dəyərlərin təbliği istiqamətində atdığı addımlar, gənclərin bu təsirlərdən qorunmasını təmin edir.
Bu gün Azərbaycan gəncliyi milli kimliyinə sadiq, texnoloji və intellektual baxımdan inkişaf etmiş, dövlətinə bağlı bir nəslə çevrilib.
Xülasə: mövzu kifayət qədər uzundur və ciddi çağırışlarla qeyd olunmaqdadır. Bütün institutların sistemli fəaliyyəti, o cümlədən gənclər, təhsil, idman sektorlarındakı fəaliyyət olduqca vacibdir.
İnformasiya müharibəsi XXI əsrin əsas qarşıdurma formasıdır. Bu müharibədə silah – məlumat, müdafiə isə milli şüur və ideoloji birlikdir.
çap et