Paşinyanın ötən gün ölkə parlamentindəki növbəti çıxışı nəinki sıravi və qeyri-sıravi ermənilərdə, həmçinin Rusiyanın hakim elitasında da böyük rezonans yaratdı.
“Türklər haqqında təsəvvürümüz Rusiyanın uydurmasıdır” və “Biz KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmalıyıq” bəyanatları ilə çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ermənilərlə azərbaycanlılar arasında hökm sürən qarşılıqlı etimadsızlıq və düşmənçilik münasibətlərinin sovet dövründən qalma təsəvvürlərə əsaslandığını vurğulamaqla düz hədəfə vurub.
O, haqlı olaraq bildirib ki, türklərlə (azərbaycanlılarla) bağlı formalaşmış mövcud stereotiplər Rusiya tərəfindən məqsədli şəkildə yaradılıb: “Biz deyirik ki, “türk heç vaxt dəyişmir”, türklərin də ermənilər haqqında eyni fikri var. Biz “azərbaycanlıya necə etibar etmək olar?”’ deyirik, onlar da “erməniyə necə etibar etmək olar?” deyirlər. Biz “tarixdən dərs almamışıq” deyirik, onlar da “ermənilərlə sülh istəyirsənsə, deməli tarixdən dərs almamısan” deyirlər”.
Ona görə də Ermənistan lideri qeyd edib ki, regionda sülh və sabitliyin bərpası üçün köhnə stereotiplərdən azad olmaq, KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən imtina etmək vacibdir.
Maraqlıdır ki, rəsmi Bakı Ermənistan baş nazirinin bu cür pozitiv yönümlü və özünütənqid xarakterli açıqlamasına münasibət bildirməyə macal tapmamış, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova dərhal özünü ortaya ataraq “Telegram” kanalında paylaşım edib.
O, özünü tarixi yaxşı bilən ağıllı diplomat kimi göstərərək “söz oyunu” taktikasından istifadə edib: “KQB 1954-cü ildə yaradılıb. Osmanlı İmperiyasında “erməni soyqırımı” KQB-nin yaradılmasından təxminən 40 il əvvəl, 1915-ci ildə başlayıb”.
Belə bir yarımçıq xarakterli, sətiraltı ismarıc yüklü əks arqumentlə çıxış etməklə keçmiş “KQB”-ni (indiki FSB) Paşinyanın ittiham hədəfindən yayındırmağa çalışan M.Zaxarova unudub ki, elə 1915-ci ilə istinad olunan qondarma “erməni soyqırımı”nın planı da vaxtilə Kremlin kuluarlarında cızılıb və erməniləri Osmanlıya qarşı dönüklüyə təkcə Fransa və Böyük Britaniya deyil, həm də çar Rusiyası təhrik edib.
Zaxarova tarixi bu cür naşı şəkildə “malalamaq”la və iz azdırmaqla tarixi gerçəklərin üstünü örtə bilməz. Onun Paşinyanın ittihamına çoxbilmiş (lakin savadsız) cavabı, əslində, Rusiyanın özünüifşası deməkdir.
“Bizi türklərlə Rusiya düşmən edib” açıqlamasını Kremlin həzm edə bilməməsinin motivi anlaşılandır. Çünki Paşinyanın bu cür açıqlamaları çar və sovet Rusiyasının iç üzünü açır və eyni zamanda da indiki Rusiyanın Ermənistandan və ermənilərdən maşa kimi istifadə etmək siyasətini davam etdirmək cəhdlərinin qarşısını alır.
P.S. Paşinyan yaxşı taktika seçib. Ümid edək ki, onun bu xətti axıra qədər davam etdirməyə təpəri çatacaq.
çap et