Vaxt.Az

Xanbalıqdan Xankəndinə ...


 

Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!

Xanbalıqdan Xankəndinə ... Pekinin 21 milyondan çox əhalisi var. Çinin paytaxtı bu özəlliyi ilə Şanxaydan (24 milyondan çox) sonra dünyanın ikinci ən böyük şəhəridir. Bizim Xankəndində isə cəmi bir neçə min adam yaşayır.

Nə əlaqəsi var, deməyin. Əlaqəsi odur ki, Xankəndi də, Pekin də əslində eyni adı daşıyır. 13-14-cü əsrlərdə yaşayan məşhur italyan səyyahı Marko Polonun tərtib etdiyi xəritəyə nəzər salsaq görərik ki, o, Pekini yarandığı dövrdə Cambaluc kimi qeyd edib. Cambaluc (Kambaluk) əslində Xanbalıq sözünün təhrif olunmuş şəklidir. Yəni vaxtilə həmin şəhərin adı Xanbalıq olub.

Tarixi sənədlərə görə, indiki Pekin şəhəri 1215-ci ildə Çingiz xan tərəfindən işğal olunub və dağıdılıb. 1271-ci ildə Çingiz xanın nəvəsi Qubilay xan Monqol imperiyanın paytaxtını Qaraqurumdan indiki Pekin ərazisinə köçürüb. Ardınca çinlilərlə bir arada yaşamaq istəmədiyi üçün paytaxtın yaxınlığında ancaq monqol və uyğur elitasının məskunlaşdığı yaşayış məskəni tikdirib, adını da Xanbalıq qoyub.

Qubilay xanın öz paytaxtını Xanbalığa köçürməsi səbəbsiz deyildi. Bəlkə də Qubilay xan öz imperiyası ərazisində yaşayan milyonlarla çinlinin bir gün böyük təhlükəyə çevrilməsinin qarşısını almaq və onları tədricən assimiliyasiya etmək üçün bu addımı atır. Amma gözlədiyinin tam tərsi yaşandığından paytaxtın yanında Xanbalığı salmaq, türk və monqol əyanlarını oraya köçürmək məcburiyyətində qalır.

Xanbalıq sözünün etimologiyasına gəlincə, qədim türklər şəhərləri palçıqdan tikdiklərindən ona palçıq mənasına gələn “balıq” deyirdilər. Yuan xanədanından 200 il əvvəl yaşamış Qaşqarlı Mahmud “Divan-ı Lüğəti’t-Türk” əsərində də “balıq” sözünün şəhər və ya qala mənasına gəldiyini bildirərək yazırdı: “Balıq: İslamdan çox-çox əvvəl türk dilində sığınacaq, qala və ya şəhər mənasını verirdi. Uyğur dilində də belədir. Uyğurların “beş şəhər" mənasını verən ən böyük şəhəri “Beşbalıq” adlanır.



Bu məntiqlə, “Xanbalıq” və Xankəndi adlarının mənası eynidir. Qeyd edim ki, Yuan imperiyasının ərazisində xeyli sayda Beşbalıq, Ağbalıq və s. kimi sonluğu “balıq”la bitən şəhərlər vardı.  Onlardan bəziləri 13-cü əsrin sonlarında Yuan xanədanlığına səfər edən Marko Polo yazdığı xatirələrində və cızdığı xəritələrində yer almışdı. Səyyah həmin xəritədə Xanbalıq şəhərinin adını İtaliyan dilində səslənişə uyğun olaraq Cambaluc (Kambaluk) kimi yazıb.

Xankəndi öz adaşından hardasa 500 il sonra qurulub. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının başçılarının – xanların istirahət məskəni kimi salınıb. Qarabağ xanlarının, məmləkətlərinə maksimum nəzarət etməsi üçün qurulan bu şəhər Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində yerləşir. Məqsəd xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərilərinə yaxın olmaq idi.

Təbii ki, Qarabağ xanlığının yeni paytaxtı kimi salınan bu şəhərdə erməni əhalisi yaşaya bilməzdi. Necə ki, Qubilayın “Xankəndi”ndə – Xanbalıqda barmaqla göstəriləcək qədər çinli yaşamırdı. Əksinə Qubilay xan sırf çinlilərdən uzaq olsun deyə, indiki Pekinin yaxınlığında bu şəhəri inşa etmiş və 1368-ci ildə Yuan imperatorluğu tamamilə çökdükdən sonra çinlilər Xanbalığa köçüb və beləcə Yuanın paytaxtı indiki Pekinin içərisində yox olub.

Xankəndinin qurulduğu 18-ci əsrin sonları isə Türk hegemoniyasının tənəzzülü dövrünə düşür. Qurulduqdan qısa müddət sonra (1805-cu il) rus işğalına məruz qalan Xankəndi Cənubi Qafqazdakı ən böyük rus hərbi qərargahının yerləşdiyi əraziyə çevrilir. 1805 və 1813-cü ildə bağlanan Kürəkçay və Gülüstan müqavilələrindən sonra isə bu ərazilərə İrandan və Türkiyədən erməni ailələri köçürülür, beləcə Xankəndinin özgələşdirilməsinin əsası qoyulur. 1813-cü ilə qədər heç bir erməninin yaşamadığı Xankəndində 1847-ci ildə artıq 80 erməni, 52 rus ailəsi məskunlaşdırılmışdı və şəhərdə erməni kilsəsi fəaliyyət göstərirdi.

Sovet hakimiyyəti qurulduqdan sonra Xankəndinin erməniləşdirilməsi prosesi daha da sürətləndi. SSRİ dağıldıqdan sonra isə erməni separatçıları öz müstəqilliklərini elan etdilər. Nəhayət Azərbaycan ordusunun böyük qəhrəmanlığı sayəsində bəd niyyət rusların və ermənilərin gözündə qaldı.

Rəsmilərimizin dediklərinə inansaq, yaxın zamanlarda Xankəndinə köçlər başlayacaq. Dərd burasındadır ki, Xankəndinə həm də ermənilərin köçürülməsi gözlənilir. Halbuki, bu şəhərdə vaxtilə bir erməni belə yaşamayıb. Sonradan məskunlaşmalar isə rus imperiyasının təşviqi ilə baş tutub.

Xankəndinin öz adaşı Xanbalığın taleyini yaşamaması üçün incə düşünülmüş siyasət yürüdülməli, bu şəhərdə yüzminlərlə, hətta mümkünsə milyonlarla Azərbaycan türkü məskunlaşdırılmalıdır. Ondan sonra bir neçə minlik erməni əhalisi Xankəndinə gəlsə belə, heç bir təhlükə yarada bilməyəcək.

 





16.11.2025    çap et  çap et