Vaxt.Az

377 metr hündürlükdə, 82 mərtəbəli


 

Dünyanın ən hündür hoteli Dubayda açıldı

377 metr hündürlükdə, 82 mərtəbəli Dünyanın ən hündür hoteli rəsmi olaraq qonaqların üzünə açılıb. “IHG”nin “Vignette Collection” seriyasına əlavə olunan ən yeni “Ciel Dubai Marina” hoteli Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) paytaxtındakı göyə ucalan nəhəng tikililər arasında öz yerini alıb.

377 metr hündürlüyə malik hotel 82 mərtəbədən və 1 004 otaq və suitdən ibarətdir.

İynə formasında olan bu tikili “NORR Group” memarları tərəfindən layihələndirilib və bütün konsepsiya hündürlük üzərində qurulub.

Bütün otaqlarda “Palm Jumeirah”, Dubay silueti və Ərəb Körfəzi panoramik mənzərələrindən ən yaxşı şəkildə yararlanmaq üçün döşəmədən tavana qədər pəncərələr yerləşdirilib.

76-cı mərtəbədə dünyanın ən hündürləri arasında olan, dənizə baxan açıq “sonsuzluq hovuzu” var. Qüllənin zirvəsində isə üfüqlərə uzanan geniş mənzərələr təqdim edən müşahidə meydançası yerləşir.

Memarların sözlərinə görə, “Ciel”in dizaynı mənbə səmərəliliyi və dayanıqlılıq daxil olmaqla bir çox mürəkkəb məsələləri nəzərə alır.

 

8 restoran və 24 saat açıq idman zalı

 

Hotelin imkanları da dizaynı qədər təsiredicidir. Burada səkkiz yemək-içmək məkanı mövcuddur.

West 13”, “East 14”, “Risen Café and Artisanal Bakery” və “Tattu” (“Tattu Restaurant & Bar, “Tattu Sky Pool” və “Tattu Sky Lounge”) restoranlar şəbəkəsində dünyanın məşhur mətbəxləri və ləziz təamları təqdim olunur.

Hotelin 24 saat açıq, göydələn siluetinə baxan ən müasir idman zalı var. Birinci mərtəbədə isə qonaqlar “Palm Jumeirah”dakı “Soluna Beach Club”dan yararlana bilirlər. 61-ci mərtəbədəki Spa mərkəzinin 2026-cı ilin fevralında açılması planlaşdırılır.

Ümumiyyətlə Dubay turizm baxımından böyük yüksəliş yaşayır. Şəhər ötən il 18,7 milyon beynəlxalq turisti qəbul edib. Bu, 2023-cü illə müqayisədə 9% artım deməkdir. Şəhər getdikcə daha çox varlı turistləri cəlb etməyi hədəfləyir.

2024-cü ildə turizmə yönəlmiş xarici investisiya 2 milyard dolları keçib və “Ciel Dubai Marina” bu yüksəlişin maksimalist xarakterinin simvolu kimi təqdim olunur.

 





23.11.2025    çap et  çap et