ABŞ ordusunun Venesueladan olan narkotik qaçaqçılarına qarşı həyata keçirdiyi əməliyyatlar və Donald Trampın Prezident Nikolas Maduroya qarşı quru əməliyyatı təhdidləri, Karib dənizində strateji ərazilərə malik Avropa güclərini narahat edib.
Rəsmi şəxs və mənbələrin AFP-yə verdiyi məlumata görə, ABŞ-yə ötürdükləri məlumatların hücumlarda istifadə olunma ehtimalından çəkinən Fransa, Hollandiya və İngiltərə Karib dənizi ilə bağlı kəşfiyyat xəbərləri mübadiləsini dayandırıb.
İngiltərə Atnatik okeanında kiçik dəniz ərazilərinə sahibdir. Fransanın isə Martinik və Qvadelup kimi böyük adaları və Cənubi Amerikadakı Fransız Qvianası tanınan əraziləri var.
Coğrafi baxımdan ən çox maraqlı ölkə isə Hollandiyadır. Krallığın tərkibində olan və “ABC adaları” adlandırılan – Aruba, Bonaire və Kurasao Venesuela sahillərinin yaxınlığında yerləşir.
ABŞ qüvvələri sentyabr ayından bəri beynəlxalq sularda narkotik daşıdığı iddia edilən gəmilərə endirdiyi hava hücumlarında ən azı 83 şəxsi öldürüb.
Həyata keçirilən 20-dən çox əməliyyatda isə hədəflənən şəxslərin narkotik qaçaqçısı olduğuna dair iddiaları təsdiqləyəcək ətraflı məlumat yoxdur.
Adının açıqlanmasını istəməyən Fransız hərbi rəsmisi, “Hollandiyalılar, Venesuela sahillərinin təxminən 50 km açığında yerləşən ABC adaları ilə bağlı narahatdır”, – deyib.
Başqa bir Avropa hərbi mənbəsi isə əlavə edib ki, bu adalar mümkün müharibə zamanı “onları hədəfə çıxara bilər”.
Hollandiyanın kəşfiyyat və əks-kəşfiyyat xidməti direktoru Erik Akerbum, De Volkskrant qəzetinə açıqlamasında, “Xidmətimizin siyasət üçün istifadə olunması və xüsusilə insan hüquqları pozuntuları mövzusunda diqqətli oluruq”, – deyib.
Fransız narkotiklə mübarizə xidməti OFAST-ın rəhbəri Dimitri Zulas “Radio Caraibes”ə (RCI) bildirib ki, “Fransa daxil heç bir Avropa ölkəsi, hərbi hücuma əsas yarada biləcək əməliyyat üçün Amerikalılara kəşfiyyat məlumatı göndərməyəcək”.
Fransız rəsmiləri bu mövqeni təsdiqləməsə də, təhlükəsizlik mənbəsi qeyd edib: “Avropalıların hazırda ABŞ-a hər hansı bir hücuma yol aça biləcək məlumat vermədiyi 100 % məlumdur”.
İngiltərədə yayımlanan “The Times” qəzeti hökumətin baş hüquq müşaviri Baş Prokuror Richard Hermer-in, Trampın Karib dənizindəki narkotik satıcılarına “suikast” edə biləcəyi qorxusu ilə nazirlərə istihbarat paylaşımını dayandırmalarını tövsiyə etdiyini bildirib.
İngilis kəşfiyyat xidməti “MI6”-nin keçmiş rəhbəri Riçard Dirlav AFP-yə bildirib ki, “Bu, ümumi kəşfiyyat mübadiləsinə təsir etmir, lokal və spesifik məsələdir. Təcrübəmə görə, belə hallar əvvəllər də baş verib”.
ABŞ Prezidenti Donald Tramp əvvəl imzaladığı fərmanla Latın Amerikalı narkotik kartelləri ilə yerində mübarizə üçün ordunu bu fəaliyyətə cəlb edib. Vaşinqton bu kontekstdə avqustun sonlarında Venesuela sahillərinə sualtı və döyüş gəmilərindən ibarət dəniz qüvvəsi göndərib.
ABŞ Müdafiə Naziri Pit Heqset bildirib ki, ABŞ ordusu Venesuelada rejim dəyişdirmə əməliyyatlarına da hazırdır.
Venesuela Prezidenti Maduro isə ölkədə 4,5 milyonluq milis qüvvəsini səfərbər etdiyini və hər hansı bir hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.
çap et